Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqalları və ziyalıları ilə görüşüb.
10 avqust 2023 | 11:40
09.08.2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhər ağsaqqalları, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq, görüşdə iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirib. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən idarə, müəssisə və təşkilatlarda, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb, ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu öndərin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəhər ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasında nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verən İlqar Abbasov qarşıda duran vəzifələr barədə danışaraq, bildirib ki, 2023-cü ildə yaradılmasının 60 ili tamam olan Şirvan, eyni zamanda ziyalılar şəhəridir. Ziyalılarla belə görüşlərin təşkil edilməsində əsas məqsəd, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləməkdir. Şirvan şəhərinin zəngin inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrildiyini bildirən İlqar Abbasov, müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verdiyini qeyd edib.
Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, pedaqoji elmlər doktoru Akif Abbasov, Şirvan Rayonlararası Onkoloji Xəstəxananın baş həkimi Ədalət Cavadov, “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, şəhər ağsaqqalları Şıxverdi Məmmədov, Ağazər Şükürov, Əhməd Ağakişiyev, şəhid ailəsi üzvü İradə Atayeva və çıxış edən digər ziyalılar ölkəmizdə, eləcə də şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə ağsaqqallar və ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etməkdir.
Görüşdə iştirak edən ağsaqqallar şəhərin inkişafı naminə və Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar öz təklif və fikirlərini səsləndiriblər. Görüş daha sonra diskussiya şəklində davam etdirilib.
İrəli sürülən təkliflərin və qaldırılan məsələlərin şəhərin 60 illik yubileyi ilə bağlı tədbirlər planında nəzərə alınacağı görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib.