Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ağsaqqalları və ziyalıları ilə görüşüb.

06 noyabr 2026 | 19:25

Noyabrın 6-də şəhər ağsaqqalları və ziyalıları ilə görüş keçirilib.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərdən, Azərbaycanın sosial-iqtisadi inkişafından, beynəlxalq mövqelərinin möhkəmlənməsindən və dövlətimizin artan qüdrətindən ətraflı bəhs edib.

Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, ölkəmizin iqtisadi və hərbi potensialı əhəmiyyətli dərəcədə güclənib. Tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlət-xalq-ordu birliyinin təntənəsi olduğunu vurğulayaraq, bu Qələbənin Azərbaycan tarixində əbədi yaşayacağını bildirib.

İlqar Abbasov, həmçinin ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, işğaldan azad edilmiş ərazilərdə icra olunan Böyük Qayıdış prosesindən, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edib. Bununla yanaşı, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramının icrası istiqamətində nəzərdə tutulan tədbirlər, şəhərdə həyata keçiriləcək abadlıq-quruculuq işləri, infrastrukturun müasirləşdirilməsi, şəhərsalma prinsiplərinə uyğun yenilənmə tədbirləri və Şirvanın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Şirvan şəhərinin sosial-iqtisadi potensialının gücləndirilməsi, müasir şəhər mühitinin formalaşdırılması və sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Vurğulayıb ki, əldə olunan nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin davamlı inkişafına töhfə verilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan ağsaqqalların və ziyalıların cəmiyyət həyatında fəal mövqeyi, zəngin həyat təcrübəsi və dəyərli tövsiyələri xüsusi əhəmiyyət daşıyır.

Sonra çıxış edən Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov ağsaqqalların cəmiyyətin ictimai-mənəvi həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rolunu qeyd edib. O, ağsaqqalların üzərlərinə düşən mənəvi məsuliyyəti layiqincə yerinə yetirmələrinin, zəngin həyat təcrübələrini gənc nəslə ötürmələrinin, onlarda Vətənə, dövlətə və xalqa bağlılıq hisslərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Fəxrəddin Rəhimov ağsaqqallar tərəfindən müxtəlif vaxtlarda qaldırılan məsələlərin və irəli sürülən təkliflərin şəhər rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını, onların həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən, Şirvan şəhərində aparılan abadlıq-quruculuq və inkişaf tədbirlərindən bəhs edib, ağsaqqalların cəmiyyətin ictimai-mənəvi həyatında və milli dəyərlərin qorunmasında mühüm rolunu vurğulayıb.

Görüşdə çıxış edən ağsaqqallardan Nəriman Şahbazov, Ağazər Şükürov, Vasif Əlizadə, Yaqub Salmanov, Tofiq Hüseyn, Arif Həbibov, Adəm Hüseynov və Rəfiqə Atayeva Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəklərini ifadə edərək, ölkədə ictimai-siyasi sabitliyin, xalq-dövlət birliyinin və milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, ölkəmizdə və Şirvan şəhərində həyata keçirilən inkişaf, abadlıq və quruculuq işlərinə, şəhərin sosial-iqtisadi tərəqqisinə göstərilən diqqət və dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı şəhərin gələcək inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib, ağsaqqal və ziyalılarla mütəmadi görüşlərin keçirilməsinin, onların müraciət və təkliflərinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

Keçidlər