Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər xiyabanına ənənəvi ziyarətdə iştirak edib.

27 avqust 2026 | 12:56

Şirvan şəhərində şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanına ziyarət təşkil olunur. Ənənəyə uyğun olaraq, avqust ayının sonuncu cümə axşamı – avqustun 27-də keçirilən növbəti ziyarətdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin nümayəndələri, din xadimləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Ziyarət zamanı ilk olaraq Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, onların ailələrinə səbir dilənilib.

Şəhid analarının şərəfinə ucaldılmış “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edildikdən sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Şəhidlərimizin müqəddəs irsinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

İlqar Abbasov, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, dövlət başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi hərtərəfli qayğı Şirvan şəhərində də ardıcıl şəkildə həyata keçirilir.

Daha sonra şəhid ailələrinin üzvlərini narahat edən məsələlərlə bağlı müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlərin aidiyyəti üzrə həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər