Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 60 illiyi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir.
Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 60 illiyi ilə bağlı 28 dekabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib, ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamı olduğu kimi şəhid ailələri ilə görüşüb.
Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 60 illik yubileyi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Şəhid valideynlərinə belə vətənpərvər, şücaətli, cəsur oğullar böyütdükləri üçün təşəkkürünü bildirərək, torpaqlarımızın azadlığı uğunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını qeyd edib. Öz qanları ilə Zəfər tariximizi yenidən yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini, onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.