Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsi şəhidi Amal Alişanlının yeni doğulan qardaşını ziyarət edib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Alişanlı Amal Seyfəddin oğlunun doğum günü ərəfəsində qardaşı dünyaya göz açıb. Qardaşının şərəfinə körpəyə Amal adı verilib.
Bu gün şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Aparatın əməkdaşları şəhidin qardaşının dünyaya gəlməsi münasibətilə ailəsini ziyarət ediblər. Şəhidin valideynlərini təbrik edən qonaqlar, ikinci Amalın hər birimiz üçün şəhid əmanəti olduğunu bildiriblər.
Ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.
Şəhidin valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən qonaqlar sonda şəhidin qardaşına hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alişanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.