Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart 2024 | 18:06

Hörmətli xanımlar!

Əziz analar və bacılar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Ülvi varlıq olan qadına məhəbbət və ehtiramı ifadə edən bu əziz bayram dünyanın bir çox ölkələrində böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Tarix boyu Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə  xalqımızı, millətimizi daim ucaltmışdır. Milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımız bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Qadınların fədakar əməyini, cəmiyyətdə rolunu daim yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Dövlət qadın siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradılıb, qadınların dövlət və cəmiyyətdə fəal iştirakının əhatə dairəsi daha da genişləndirilib, parlamentdə, bələdiyyə qurumlarında, dövlət orqanlarında, ictimai-siyasi həyatda və özəl sektorda daha çox təmsil olunmaları və fəaliyyət göstərmələri üçün zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun formalaşmasında, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dünya miqyasında tanınmasındakı rolu, xüsusilə xalqın rifahı üçün gördüyü xeyirxah əməllər Azərbaycan xanımları üçün əsl ilham mənbəyidir.

Azərbaycan qadınları istər Böyük Vətən müharibəsində, istərsə də Qarabağ döyüşlərində kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərmişdir. 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında qadınların rolu əvəzsizdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəmanlarımızı dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Vətən sevgisini aşılayan, düzgün tərbiyə edən bütün Azərbaycan qadınlarının qarşısında baş əyirik. Respublikamızın hər yerində olduğu kimi, şirvanlı qadınlar da şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edərək öz töhfələrini verirlər. Bu gün şəhərimizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın.

Əziz xanımlar! İnanıram ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın dinamik inkişafı, çiçəklənməsi, xoşbəxt gələcəyi naminə fəaliyyətinizi bundan sonra da əsirgəməyəcək, sağlam, vətənpərvər nəslin yetişməsinə diqqət göstərəcək, şəhərimizin inkişafında daha da yaxından iştirak edəcəksiniz.

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edir, hər birinizə ilk növbədə xoşbəxtlik, firavanlıq və sevinc dolu günlər arzulayıram. Arzu edirəm, üzünüzdən təbəssüm əksik olmasın, şərəfli adınız daim ucalsın.

Bayramınız mübarək olsun!   

 

Hörmətlə, 

                                                                                   

                                                                                              İlqar Abbasov

Keçidlər