Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart 2025 | 16:24

Hörmətli xanımlar!

Əziz analar və bacılar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və gələcək işlərinizdə uğurlar arzulayıram!

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident cənab İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa,  nəcibliyə, xeyirxahlığa səsləyir. Sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun formalaşmasında, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dünya miqyasında tanınmasındakı rolu, xüsusilə xalqın rifahı üçün gördüyü xeyirxah əməllər Azərbaycan xanımları üçün əsl ilham mənbəyidir.

Sabah Beynəlxalq Qadınlar Günüdür. Beynəlxalq Qadınlar Günü ölkəmizdə də təntənə ilə qeyd olunduğu üçün qadınların bu bayramı bütün xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir. Şirvanlı qadınlar da şəhərimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Bu gün şəhərimizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın.

Əziz xanımlar! İnanıram ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın dinamik inkişafı, çiçəklənməsi, xoşbəxt gələcəyi naminə fəaliyyətinizi bundan sonra da əsirgəməyəcək, sağlam, vətənpərvər nəslin yetişməsinə diqqət göstərəcək, şəhərimizin quruculuq işlərində əzmkarlıqla çalışacaqsınız.

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edir, hər birinizə ilk növbədə xoşbəxtlik, firavanlıq və sevinc dolu günlər arzulayıram. Arzu edirəm, üzünüzdən təbəssüm əksik olmasın, şərəfli adınız daim ucalsın.

Bayramınız mübarək olsun!   

 

Hörmətlə, 

                                                                                   

                                                                                              İlqar Abbasov

Keçidlər