Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Bilik günü” münasibətilə təbriki
15 sentyabr 2023 | 09:00
Hörmətli müəllimlər və şagirdlər!
Əziz birincilər!
Yeni tədris ilinin başlanması münasibətilə şəhər təhsil ictimaiyyətini, müəllim, şagird, tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm.
Bu il Şirvan şəhər ümümtəhsil müəssisələrini 640 məzun bitirib, 422 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 296 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, 33 nəfər 500-600 arası, 17 nəfər 600-dən yuxarı bal toplayıb.
Bəhruz Aslanov adına Şirvan şəhər 16 nömrəli tam orta məktəbin məzunu Arifzadə Eldəniz Xəyal oğlu 670,1 bal toplayaraq şəhərimiz üzrə ən yüksək nəticəni göstərmişdir. Mübariz İsrailov adına Təbiət, humanitar təmayüllü 18 nömrəli məktəb-lisey məzunu Şirəliyev Riad Rəşad oğlu 657 bal, Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin məzunu Əlizadə Xədicə Məcid qızı 650,2 bal toplayaraq növbəti pillələrdə yer tutublar.
Təhsildə qazanılan uğurlar bununla bitmir. Respublika Fənn Olimpiadasında, Respublika Fənn Müsabiqəsində şəhər məktəbliləri müvəffəqiyyətlə iştirak ediblər: 12 nəfər gümüş, 9 nəfər bürünc medal qazanmışdır.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısı uğurla davam etdirilir, təhsil strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin elm və təhsil sahəsində davamlı inkişafın təmin olunmasını nəzərdə tutan konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayır. Fondun təşəbbüsü ilə ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və İnternat məktəblərinin inkişaf” Proqramları, “Təhsilə dəstək” layihəsi kimi bir çox önəmli proqramlar və layihələr reallaşdırılmışdır. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir.
Bütün görülən işlər gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına, elmin daha da inkişafına, ölkə başçısının da qeyd etdiyi kimi “qara qızıl” ın insan kapitalına çevrilməsinə hesablanmışdır. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir.
Əziz müəllimlər və məktəblilər!
Təhsilə göstərilən diqqətin və ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində əzəli-əbədi torpaqlarımız düşmən işğalından azad oldu, xalqımız Şanlı Zəfər çaldı.Tarixə qızıl hərflərlə yazılan o şərəfli günləri bizə bəxş edənlər sırasında Şirvan şəhərinin qeyrətli, cəsur gəncləri də misilsiz vətənpərvərlik nümunələri göstərdilər, 21 nəfəri şəhid oldu, 100-dən çoxu yaralandı. Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini bir daha hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət, ailələrinə səbir, yaralılarımıza şəfa diləyirik.
Bu il Şirvan şəhər ümumtəhsil məktəblərinin I-XI siniflərində ümumilikdə 11880, I siniflərdə 1207 şagirdin təhsil alması gözlənilir.
Əziz müəllimlər, şagirdlər və valideynlər, yeni tədris ili münasibətilə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm!
Yeni tədris iliniz mübarək olsun!
Hörmətlə,
İlqar Abbasov
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı