Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki.

30 dekabr 2022 | 11:11

Əziz şirvanlılar!

Hörmətli həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edirəm. Artıq 32 ildir ki, 31 dekabrın Dünya Azərbaycanlıların Həmrəyliyi günü kimi qeyd edilməsi xoş ənənəyə, xalqın sarsılmaz milli-mənəvi birliyinin təcəssümünə çevrilmişdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmış, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir. Ulu öndərin müstəqil dövlətçilik konsepsiyasını, azərbaycançılıq məfkurəsini, milli ideologiyamızın əsas prinsiplərini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada qüdrətli söz sahibinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etməsi və üçrəngli bayrağımızın əzəli yurd yerlərimizdə dalğalanması tariximizn ən şanlı səhifəsinə çevrilmişdir.Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirləri və uğurlu nəticələr dünyanın inkişaf etmiş ölkələri tərəfindən heyranlıqla qarşılanmışdır. Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, işğaldan azad edilən şəhər və rayonlarımızda böyük infrastruktur layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ona görə də deyə bilərik ki, 2022-ci il ölkəmiz, xalqımız üçün böyük nailiyyətlərlə geridə qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə sürətlə inkişaf edən və ildən-ilə gözəlləşən Şirvanımızda həyata keçirilən abadlıq-quruculuq işləri, park və xiyabanların salınması, məhəllələrin abadlaşması, mərkəzi və məhəllədaxili yolların asfaltlanması, su və kanalizasiya sisteminin yenidən qurulması, yeni infrastruktur layihələrin həyata keçirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində atılan addımlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər şəhər sakinlərində xoş əhval-ruhiyyə yaradır, ölkəmizin daha da çiçəklənməsinə inamını və qurub-yaratmaq əzmini gücləndirir. Lakin əldə edilən nailiyyətlər hər birimizdə fərəh hissi  doğurmaqla yanaşı, məsuliyyətimizi daha da artırır. Mən bu Yeni il ərəfəsində Şirvan şəhərinin hərtərəfli inkişafında fədakar əməyi ilə fərqlənən insanlara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. İnanıram ki, şirvanlılar həmişə olduğu kimi bundan sonra da dövlət müstəqilliyimizin, ərazi bütövlümüzün, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə, şəhərimizin sosial-iqtisadi rifahının daha da yaxşılaşmasına əməli fəaliyyətləri ilə yeni töhfələr verəcəklər.

Əziz şirvanlılar!

Bu ülvi arzularla sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər bir şirvanlının evinə, ailəsinə bayram əhval-ruhiyyəsi, xoş ovqat, bol ruzi-bərəkət arzulayıram.

Həmrəylik gününüz və Yeni il bayramınız mübarək olsun!

 

İlqar Abbasov

Keçidlər