Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki
Əziz şirvanlılar!
Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq, sevinc dolu günlər arzulayıram.
Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir.
Çox təqdirəlayiq, qürurverici haldır ki, Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gün də Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz geniş təbliğ edilir. Azərbaycan həqiqətləri, xalqımızın tolerant, multikultural həyat tərzi dünya ictimaiyyətinə çatdırılır.
Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin möhkəmləndirilməsi, işğaldan azad edilən şəhər və rayonlarımızda böyük infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Regionda və dünyada yaşanan gərginliyə, hərbi münaqişələrə, iqtisadi və siyasi katakilizimlərə baxmayaraq, 2023-ci il bütövlükdə ölkəmizin, o cümlədən Şirvan şəhərinin sosial-iqtisadi inkişafında böyük uğurlarla tarixə çevrilir.
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il həm də Ulu Öndərin ideya və arzularının öz tarixi gerçəkliyinə qovuşduğu möhtəşəm “ZƏFƏR İLİ” kimi tariximizin yaddaşına həkk olundu. 2023-cü il həm də şirvanlılar üçün daha bir möhtəşəm tarixlə yadda qaldı. Doğma şirvanlılar 2023-cü ildə özünün əsrarəngiz gözəlliyi, müasirliyi ilə göz oxşayan, sosial - iqtisadi yüksəlişi ilə ölkəmizin ən böyük sənaye mərkəzlərindən biri olan, hər zaman bütün sahələri əhatə edən böyük nailiyyətləri ilə resuplikamıza səs salan Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyini qeyd edir. Məhz 60 il öncə, 1963-cü ildən böyük tarixi inkişaf yolu keçən nur şəhəri kimi respublikamıza işıq salan Şirvan şəhəri respublika tabeli şəhər statusunu qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə şəhərin sosial-iqtisadi inkişafı, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, müasir standartlara cavab verən yeni işıqlandırma sisteminin quraşdırılması işləri davam etdirilərək, 135 küçənin işıqlandırılması işləri tamamlanmış, abadlıq-quruculuq və yenidənqurma işləri aparılmışdır. İDEA İctimai Birliyinin “Bizim həyət” layihəsinə uyğun olaraq, regionlarda ilk dəfə Şirvan şəhərində nümunəvi məhəllələr salınmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələrinə səbəb olacaqdır.
Ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də şəhidlərimizin xatirəsi daim əziz tutulur, adları əbədiləşdirilir, şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Şəhərin giriş hissəsində salınmış “Şəhidlər Xiyabanı” müqəddəs yer kimi şəhər sakinlərinin daimi ziyarətgahına çevrilib. Şəhidlərimizin hörmət və ehtiramla daim yad edilməsi, qürur yerimiz kimi əbədiləşdirilməsi məqsədilə “Şəhidlər Xiyabanı” əsaslı surətdə yenidən qurulmuş, geniş abadlıq-bərpa işləri aparılmış, məzarüstü abidələr yenilənmiş, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir. Xiyabanda şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksi yaradılmışdır. M.Füzuli adına Mədəniyyət və İstirahət Parkının sahəsi genişləndirilərək müasir tələblər səviyyəsində, əsaslı şəkildə yenidən qurulmuş, pakda unudulmuş şəhidlərimizin, qəhrəman əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsi ucaldılmış, tarixi qələbəmizin şərəfinə “Zəfər” və “Qarabağ” xiyabanları salınmışdır.
Bu gün Azərbaycanın adı dünya kürsülərində çox ucadan səslənir. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, özü öz gələcəyini müəyyən edir, müstəqil və sabit siyasət yeridir. Bu, tarixi bir həqiqətdir. Biz bununla qürur duyuruq. Əminik ki, gələcəkdə də Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yeni-yeni zirvələr fəth edəcək, şirvanlılar da ölkəmizin gələcək inkişafına öz layiqli töhfələrini verəcəklər
Əziz və doğma şirvanlılar! Şəhərimizin inkişafında zəhmətləri olan hər kəsə dərin minnətdarlıq hissi ilə hər birinizi doğma şəhərimizin 60 illik yubileyi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, bol ruzi-bərəkət arzulayıram. 60 illik inkişaf yolu keçərək, bugünkü intibahının təntənəsini qeyd edən Şirvanımıza bundan sonra da yüksəliş, nailiyyətlər və böyük zəfərlər arzu edirəm. Qoy öz nuru ilə ölkəmizə işıq saçan Şirvanımız günəş tək daim parlasın və öz şəfəqləri ilə ölkəmizi işıqlandırsın.
Yaşasın Azərbaycan! Yaşasın doğma Şirvan!
Bayramınız mübarək əziz şirvanlılar!