Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Novruz bayramı münasibətilə təbriki

19 mart 2026 | 11:24

Əziz şirvanlılar!

Sizi xalqımızın milli ruhunu, zəngin mədəniyyətini və qədim köklərini özündə təcəssüm etdirən, qəlbləri bir araya gətirən müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!

Milli mənliyimizi və əcdadlarımızın zəngin daxili dünyasını bütün rəngləri ilə nümayiş etdirən Novruz unudulmaz ənənələri ilə hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Xalqımız təbiətin bu möhtəşəm oyanışını ilk çərşənbədən başlayaraq Novruz axşamınadək davam edən rəngarəng mərasimlər və el şənlikləri ilə böyük coşqu içində qarşılayır.

Novruzun gəlişini müjdələyən Su, Od, Yel və Torpaq çərşənbələri təbiətin oyanışını — buzların əriməsindən torpağın canlanmasına qədər olan möcüzəvi bir yolu ifadə edir. Bu ardıcıllıq bizlərə hər il təkcə təbiətin deyil, həm də insanın daxili dünyasının yenilənməsi, dirçəliş və yeni həyatın başlanğıcı haqqında mesaj verir.

Əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatmış Novruz bolluğun, bərəkətin və xeyirxahlığın rəmzidir. Ümummilli Liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizə göstərdiyi xüsusi qayğı sayəsində bu bayram ölkəmizdə dövlət səviyyəsində geniş şəkildə qeyd edilməyə başlanmışdır. Bu gün fəxrlə deyə bilərik ki, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz artıq bəşəri dəyər kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Hörmətli şirvanlılar!

Bu gün ölkəmizdə yaşanan bahar təravəti işğaldan azad edilmiş cənnət diyarımız olan Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri ilə vəhdət təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də iqtisadi sahədə dünyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azad torpaqlarımızda qalanan bayram tonqalları bütün dünyaya birliyimizin və sarsılmaz iradəmizin nümayişidir.

Bu əziz bayram günlərində Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların fədakarlığı sayəsində bu gün biz baharı belə qürurla qarşılayırıq.

Əziz şirvanlılar!

Bir daha hər birinizi bahar ətirli Novruz bayramı münasibətilə təbrik edirəm. Qoy bu bayram hər birinizin ailəsinə ruzi-bərəkət, könlünə sevinc, canına isə möhkəm sağlıq gətirsin. Arzu edirəm ki, süfrələriniz hər zaman bol, ümidləriniz gerçək, ölkəmiz isə daim sülh içində olsun!

Novruz bayramınız mübarək olsun!

 

Hörmətlə,                                  Şirvan Şəhər İcra Hakimiyyətinin

                                                    başçısı İlqar Abbasov

Keçidlər