Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü keçirilib 15.09.2022
15 sentyabr 2022 | 15:59
15 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mübariz İsrayilov adına 18 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən hərbi qulluqçularımızın şəhid olmasından məyus olduğunu bildirib və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, ölkəmiz pandemiya təhlükəsindən xilas olduqdan sonra bu ilin mart ayından fərdi və səyyar qəbulların bərpa olunduğunu bildirib və yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. 30 il işğal altında olan torpaqlarımızın Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilməsindən, tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Şirvan şəhərinin qeyrətli və şücaətli gənclərinin də könüllü olaraq ordu sıralarına yazıldığını, misilsiz vətənpərvərlik nümunələri göstərdiklərini qeyd edib, 21 nəfərin şəhid olduğunu, 100 nəfərdən çoxunun yaralandığını vurğulayıb. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması və şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığından ucaldıqları zirvənin əzəmətindən danışıb. Dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu qeyd edib. Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Ötən il olduğu kimi bu il də ölkə büdcəsinin sosial yönümlü müəyyənləşdiyini, görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib.
Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, son illərdə Şirvan şəhərinin inkişafı və əhalinin mədəni istirahətinin təmin olunması sahəsində xeyli işlər görüldüyünü bildirib. Seçiciləri ilə mütəmadi görüşlər keçirdiyini, onların problemləri ilə yaxından maraqlandığını, həlli istiqamətində çalışdığını, vaxtaşırı olaraq şəhər ərazisində görülən işlərlə yerində tanış olduğunu bildirib.
Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti