Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü keçirilib 18.07.2023
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, 18 iyul 2023-cü il tarixində şəhərin G.Şıxbalaoğlu küçəsində sakinlərlə növbəti səyyar görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Görüşdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verərək, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin və yerli proqramlarda nəzərdə tutulan geniş abadlıq-quruculuq, yaşıllaşdırma və infrastrukturun yenilənməsi istiqamətində görülən işlərin uğurla həyata keçirilməsindən danışıb. İlqar Abbasov dövrümüzün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediasının bu gün cəmiyyətin məlumatlandırılmasındakı əhəmiyyətli rolundan danışaraq, Şirvan şəhərindən olan aktiv sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını müraciət və təklifləri üçün növbəti səyyar görüşlərə dəvət edib. Milli Məclisin deputatı İltizam Yusifov əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlərdən söz açaraq, sakinləri narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər və onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.