Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü keçirilib.

08 sentyabr 2022 | 15:50

8 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar 2 il əvvəl ölkəmizdə pandemiya elan olunduğunu, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın pandemiya ilə mübarizədən az itkilərlə çıxdığını, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını xatırladıb.  Bu ilin mart ayından fərdi və səyyar qəbulların bərpa olunduğunu bildirib və yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. Tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərindən, dünyada analoqu olmayan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən danışıb. Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Ötən il olduğu kimi bu il də ölkə büdcəsinin sosial yönümlü müəyyənləşdiyini, görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiciləri ilə mütəmadi görüşlər keçirdiyini, onların problemləri ilə yaxından maraqlandığını, həlli istiqamətində çalışdığını, vaxtaşırı olaraq şəhər ərazisində görülən işlərlə yerində tanış olduğunu bildirib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

Mətbuat xidməti

Keçidlər