Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun "Şirvan" qəzetinin kollektivinə təbriki
27 oktyabr 2025 | 16:38
Şəhərimizin ictimai-siyasi və mədəni həyatında mühüm yeri olan “İşıq” qəzetinin – “Şirvan” adı ilə fəaliyyətini davam etdirməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm!
Çoxsaylı və müxtəlif profilli Azərbaycan mediası arasında Şirvan mətbuatı da özünəməxsus sözünə, rəyinə və informasiya mənbəyinə görə daim fərqlənmişdir. 1930-cu ildən Şirvanda müxtəlif adlarda – “Muğanın səsi”, “Pambıq zərbəçisi”, “Mayak”, “İşıq” adlı qəzetlər çap olunub.
Uzun illərdir yerli medianın inkişafında, cəmiyyətin maarifləndirilməsində və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayan qəzetin bu yeni mərhələyə qədəm qoyması sevindirici haldır. “Şirvan” adı ilə fəaliyyət göstərmək qəzetin həm şəhərimizin simasını daha dolğun əks etdirməsinə, həm də oxucu auditoriyasına daha yaxın olmasına xidmət edəcəkdir.
Milli mətbuatımızın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli liderin layiqli varisi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Əminəm ki, “Şirvan” qəzeti bundan sonra da şəhərimizin sosial-iqtisadi, mədəni və mənəvi həyatının güzgüsü olmağa, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə, ictimai maraqları, yerli əhəmiyyətli problemləri obyektiv və qərəzsiz əks etdirməyə davam edəcəkdir.
Eyni zamanda qəzetin səhifələrində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf strategiyası, müasir dövrün reallıqları və gələcəyə yönəlmiş hədəflər geniş şəkildə işıqlandırılacaq, bu da şəhər ictimaiyyətində birlik və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəkdir.
Şəhər İcra Hakimiyyəti olaraq nəşrinizin fəaliyyətinə hər zaman dəstək olacaq, redaksiya ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə çalışacağıq.
“Şirvan” qəzetinin kollektivinə yeni-yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə tükənməz enerji, geniş oxucu auditoriyası arzulayırıq.
Hörmətlə,
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov






