Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təsdiq etdiyi qrafikə uyğun olaraq vətəndaşlarla 8 səyyar qəbul-görüş keçirilib.

28 noyabr 2022 | 10:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan şəhərində genişmiqyaslı abadlıq, quruculuq işləri həyata keçirilir. Şəhər ərazisində park və xiyabanlar əsaslı təmir edilir. Yeni nümunəvi məhəllələr salınır. Şəhərin su-kanalizasiya sistemi müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulur. Şəhərin küçə və prospektlərində, məhəllələrində yeni işıqlandırma sistemi quraşdırılır. Şəhid ailələrinə, Qarabağ qazilərinə, veteranlara xüsusi həssaslıqla yanaşılır, qayğı və problemləri vaxtında aradan qaldırılır. Vətəndaşların ərizə, təklif və müraciətləri yerində araşdırılır, həlli istiqamətində zəruri tədbirlər görülür. Şəhər rəhbərliyi vətəndaşlarla  şəhər İcra Hakimiyyətində, yerlərdə səyyar qəbul-görüşlər keçirir. Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun  təsdiq etdiyi qrafikə uyğun olaraq  2022-ci ilin oktyabr-noyabr ayında vətəndaşlarla yerlərdə 8 səyyar qəbul-görüşlər keçirilmişdir. Şəhərin 4, 20, 21 nömrəli tam orta məktəblərdə, Bayramlı qəsəbə İcra Nümayəndəliyində, Şirvan Gənclər Evi, Şirvan Şəhər Mədəniyyət Mərkəzi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci və Hacıqəhrəmanlı qəsəbə İcra Nümayəndəliyində keçirilən səyyar qəbul-görüşlərdə ümumilikdə 764 nəfər iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Milli Məclisin deputatı İltizam Yusifovun, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımovun, Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirləri və məsul əməkdaşlarının,  şəhərdə fəaliyyət göstərən təşkilatların xidmət sahələrinin  rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hər bir səyyar görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə keçirdiyi bütün görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarından, Vətən müharibəsi zamanı ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də uğurla davam etdirildiyini faktlar əsasında qeyd edib. Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycanın  beynəlxalq aləmdə nüfuzunun daha gücləndiyini, regionda real qüvvəyə, keçərli söz sahibinə malik olduğunu vurğulayıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq, quruculuq işlərindən, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin uğurla icra edilməsindən, həyata keçirilən böyük infrastruktur layihələrdən  bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülən işlərdən, “Bizim həyət” layihəsinin Şirvanda uğurla həyata keçirilməsindən danışıb. Səyyar qəbul-görüşlərdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov,  Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov çıxış edərək  vətəndaşların hüquqlarının qorunması, şəhərdə asayişin və təhlükəsizliyinin təmin edilməsinə yönələn   fəaliyyətlərindən, son illər şəhərdə aparılan abadlıq, quruculuq işlərindən bəhs ediblər. Şəhərdə görülən işlərin, həyata keçirilən layihələrin sakinlər tərəfindən məmnunluqla  qarşılandığını vuğulayıblar. Şəhər İcra Hakimiyyəti başçısının keçirdiyi bütün səyyar qəbul-görüşlərdə sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər səyyar görüşlərin təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

Mətbuat xidməti

Keçidlər