Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı may ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şəhidlərin doğum və anım günləri şəhər rəhbərliyinin, ictimaiyyətin və şəhid ailələrinin iştirakı ilə tədbirlərlə qeyd olunur, bu münasibətlə ailələri evlərində ziyarət edilir, şəhidlərin xatirələri yad edilməklə ruhlarına ehtiram göstərilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir. 25 may 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbr dilənib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, öz qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də yüksək səviyyədə davam etdirildiyini, şəhidlərin doğum və anım günlərində məzarları qarşısında xatirə tədbirlərinin keçirildiyini, onların ailələrinin əlamətdar günlərdə ziyarət olunduğunu, adlarının əbədiləşdirildiyini, Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparıldığını diqqətə çatdırıb. Onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.