Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb.
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şəhidlərin doğum və anım günləri şəhər rəhbərliyinin, ictimaiyyətin və ailələrinin iştirakı ilə tədbirlərlə qeyd olunur, bu münasibətlə ailələri evlərində ziyarət edilir, şəhidlərin xatirələri yad edilməklə ruhlarına ehtiram göstərilir. 24 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri ilə birlikdə noyabr ayınında sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib. Tədbir “Şəhid anası” memorial abidə kompleksinin önündə davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə yetişən gənclərin ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb. 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsinə görə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, minnətdarlığını ifadə edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacağını vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini bildirib. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət, qayğı və ehtirama görə dövlət başçısına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin başçısı və əməkdaşları Vətən müharibəsi başlayandan şəhid ailələri və qazilərin yanında olub, onların problemlərinə həssas münasibət göstəriblər. Şəhid ailələri Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərinə, şəhidlərə göstərilən ehtirama və həssas münasibətə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonda din xadimi Vasif Əlizadə, Şirvan şəhidlərinə və “Şəhid anası”memorial abidə kompleksinə həsr etdiyi şeirini səsləndirdikdən sonra Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Mətbuat xidməti