Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.
22 iyun 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbr dilənib. Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə şəhər İcra Hakimiyyətində görüşüb, onlara belə vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, öz qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də yüksək səviyyədə davam etdirildiyini, şəhidlərin doğum və anım günlərində məzarları qarşısında xatirə tədbirlərinin keçirildiyini, onların ailələrinin əlamətdar günlərdə ziyarət olunduğunu, Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparıldığını diqqətə çatdırıb. Onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.