Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Su çərşənbəsində şəhid ailəsinin yaşadığı məhəllədə sakinlərlə görüş keçirib.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara mənəvi dəstək olunması artıq ənənə halını alıb.
Bu gün fevralın 21-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi münasibətilə Vətən müharibəsinin şəhidi Alışanlı Amal Seyfəddin oğlunun adının əbədiləşdirildiyi və ailəsinin hazırda yaşadığı küçənin sakinləri ilə görüş keçirib. Şəhid Amal Alışanlının xatirə guşəsinin qarşısında keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Su çərşənbəsi münasibətilə şəhid ailələri başda olmaqla şəhər sakinlərini təbrik edib, onlara sağlam həyat, ruzi-bərəkət, sevinc dolu günlər arzulayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Qeyd edib ki, cənab Prezidentin qərar və tapşırıqlarına uyğun olaraq, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri şəhidlərimizin ruhunu şad edir. Belə görüşlərin bayram günlərində şəhidlərin vaxtilə yaşadığı məhəllədə keçirilməsinin onların ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərindən söz açaraq, şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin asfaltlanmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyini söyləyib. Məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mətbuat xidməti