Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı 31.10.2022
Son günlərdə sosial şəbəkələrdə Şirvan şəhərindəki Heydər Əliyev parkının əsas girişində, fəvvarənin yaxınlığında yerləşən parkın hasarına piyadaların keçməsi üçün qapı quraşdırılması, qapıya kimi səki düzəldilməsi ilə bağlı bir neçə şəhər sakini tərəfindən rəylər paylaşılır. Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, qeyd olunan ərazidə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada yolu 2016-cı ilə kimi mövcud olmuşdur. Şirvan şəhər sakinləri və Şirvan Ticarət Mərkəzinə, kənd təsərrüfatı məhsulları satmaq üçün qonşu rayonların yaxın kəndlərindən gələn şəxslər keçiddən istifadə etmişlər. Lakin, göstərilən şəxslərin bəziləri tərəfindən adi təmizlik, sanitar-gigiyena qaydalarına əməl edilməmişdir. Dəfələrlə Heydər Əliyev parkının girişinin yaxınlığında yerləşən fəvvarənin və ətrafının çirklənməsinə, bu səbəbdən fəvvarənin qurğularının xarab olmasına görə hüquq-mühafizə orqanları tərəfindən fiziki və hüquqi şəxslərin cərimə olunmasına, haqqında müxtəlif tənbeh tədbirləri görülməsinə baxmayaraq həmin hissənin təmiz saxlanılması mümkün olmamışdır. Parkın çirklənməsi, şəhər sakinlərinin mənfi rəyləri də nəzərə alınmaqla həmin hissə hasara alınmış, yaşıllıq zolağı salınmış və piyada yolunun yeri 105 metr şərqə tərəf dəyişdirilmişdir. Bildiririk ki, Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”na yaşıllıq zolağı kimi daxil edilmişdir. 2016-cı ildə salınmış Heydər Əliyev parkı ilə mövcud olan yolu əlaqələndirən piyada yolu şəhərin Baş planına daxil edilmişdir. Sosial şəbəkə istifadəçilərindən əsassız, qərəzli və böhtan xarakterli rəylərin paylaşılmamasını, Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsini izləməyi və mətbuat xidmətinin məlumatlarına əsaslanmağı tövsiyə edirik.
Mətbuat xidməti