Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı
“Şirvan şəhəri” facebook səhifəsində şəhərin marketlərində un və çörək qıtlığı ilə bağlı 15 avqust 2022-ci il tarixdə məlumat paylaşılmış və bu məsələ ilə bağlı Şəhər İcra Hakimiyyətinin adı hallandırılmışdır. Vətəndaşlarda narahatlıq və çaşqınlıq yarada biləcək qeyd olunan paylaşımla bağlı “Şirvan şəhəri” səhifəsinin admini Elmin Şükürov 16 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakmiyyətində qəbul edilmiş, Şəhər İcra Hakmiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev tərəfindən ona müvafiq izahat verilmişdir. Əsassız və yanlış informasiya yaymağın məsuliyyəti izah edilmiş və belə həssas məsələlərdə diqqətli olmaq tövsiyə olunmuşdur. Ukrayna-Rusiya münaqişəsinin dünyada buğda idxalına böyük təsir göstərməsinə və dərin böhran yaratmasına baxmayaraq, ölkəmizdə əhalinin un və çörəklə təminatı dövlət tərəfindən ciddi nəzarətdə saxlanıldığı bildirilmişdir. Qəbul zamanı Şirvan şəhərində fəaliyyət göstərən çörək bişirmə sexlərinin və iri marketlərin rəhbərləri ilə əlaqə saxlanılmış, anbarlarda ehtiyyat unun olması və çörək istehsalı ilə bağlı problemin olmadığı diqqətə çatdırılmışdır. Topdansatış məntəqələri tərəfindən unun hissə-hissə marketlərə ötürüldüyü qeyd olunmuşdur. Məharət Mustafayev Şirvan şəhər əhalisinin un və çörəklə təmininatında hazırda heç bir problemin olmadığını, bununla bağlı şəhər ərazisində yerləşən ərzaq dükanlarında və marketlərdə Qida Təhlükəsizliyi Agentliyi ilə birgə mütəmadi monitorinqlər aparıldığını vurğulamışdır.
Mətbuat xidməti