Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı
Satın alınması planlaşdırılan konteynerlərin qiymətləri “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının 2.1.2-ci bəndinə uyğun olaraq bazar (sorğu) üsulundan istifadə etməklə ayrı-ayrı üç malgöndərənə sorğu göndərilməsi əsasında müəyyənləşdirilmişdir. Müsabiqədə iştirak etmiş beş təşkilatdan üçü ehtimal olunan qiymətdən yüksək təklif verdiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı tərəfindən avtomatik olaraq müsabiqədən kənarlaşdırılmışdır.
Bundan əlavə qalib gəlmiş təşkilatla Şirvan Şəhər İcra Hakimiyyəti arasında satınalma müqaviləsinin bağlanmasına dair yayılmış böhtan xarakterli xəbərlərə cavab olaraq bildirik ki, zərflərin açılışı zamanı müsabiqədə iştirak etmiş təşkilatların tender təklifləri qiymətləndirilərək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələblərinə uyğun olaraq ən aşağı qiymət təklifi vermiş təşkilat qalib elan edilmiş və Tender komissiyasının yekun protokolu tərtib edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Dövlət Xidməti tərəfindən münasibət bildirildikdən sonra qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Xəbər saytlarından və sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.
Mətbuat xidməti