Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 3 dekabr “Beynəlxalq Əlillər Günü”nun 1992-ci ilin dekabrın 14-də BMT Baş Məclisinin qərarı ilə təsis edildiyi, Ümummmilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğu bildirilib. Ölkəmizdə 600 min nəfərdən çox, Şirvanda isə 3000 nəfərə yaxın əlilin olduğu qeyd olunaraq onların hüquqlarının qorunması, sosial-rifah halının yaxşılaşması, problemlərinin həlli, maddi-mənəvi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramlarından danışılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlillərə münasibətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirildiyi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olanların ailələri, Vətən Müharibəsində qəhrəmanlıq göstərib yaralanan qazilərlə keçirdikləri görüşlərin cəmiyyətə örnək nümunəsi olduğu vurğulanıb. Dövlət başçısının əlillərə göstərdiyi diqqət və qayğının yerlərdə də davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edən aztəminatlı əlillərə maddi, mənəvi və təşkilati köməkliklər olunur. Şirvanda Mərkəzi Şəhər Xəstəxanasında, Şirvan Diaqnostika Mərkəzində, Şirvan Reabilitasiya Mərkəzində əlillərə xüsusi həssaslıqla yanaşılır, onların müalicəsi, reabilitasiyası istiqamətində zəruri tədbirlər görülür.
Tədbirdə əlilliyi olan şəxslərin musiqili ifaları və rəqs nömrələri, əl işləri təqdim edilib.