Şirvan şəhər Mədəniyyət Mərkəzində sakinlərlə növbəti səyyar görüş keçirilib.
10 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhər Mədəniyyət Mərkəzində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən zəfər yürüşündən bəhs edib. Bir neçə gün əvvəl Zəfər Gününün qürur hissləri ilə qeyd edildiyini, bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də çoxsaylı tədbirlərin keçirildiyini bildirib. Cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları barədə sakinlərə ətraflı məlumat verib. Əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü, Şəhidlər Xiyabanında, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını qeyd edib. Şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib. Görülən abadlıq-yenidənqurma işlərinin nəticəsində Şirvan şəhərinin yaxın gələcəkdə daha da inkişaf edəcəyini, ölkənin ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirb. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Görüşdə əsasən işsizlik və mənzil məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti