Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər nəqliyyatının vəziyyəti barədə

03 aprel 2023 | 08:50
Şirvan şəhərində nəqliyyat işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşurutlarının optimallaşdırılması və nəqliyyat sahəsində effektivliyin artırılması diqqət mərkəzində saxlanılmış və bu sahədə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçirilmişdir.
Son statistik məlumata əsasən, Şirvan şəhərində mövcud avtomobillərin sayı 10430 ədəd olmuşdur. Onların 8640 ədədini və ya 82,8 faizini sərnişin minik avtomobilləri, 1142 ədədini və ya 11,0 faizini yük avtomobilləri, 648 ədədini və ya 6,2 faizini avtobus və digər avtomobillər təşkil etmişdir. Qeydə alınmış avtomobillərin 778 ədədi və ya 7,5 faizi hüquqi səxslərin balansında, 9652 ədədi və ya 92,5 faizi fiziki şəxslərin mülkiyyətində olmuşdur. 2022-ci ildə fiziki şəxslər də daxil olmaqla, ümumilikdə nəqliyyat xidmətlərindən 40050,2 min manat gəlir əldə olunmuşdur ki, bunun da 5435,5 min manatı və ya 13,6 faizi fiziki şəxslər tərəfindən əldə edilmişdir. Avtomobil nəqliyyatı sahəsində hüquqi şəxslər və fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla, onlar tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 339,0 min ton yük, 23253,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 13,8 faiz, sərnişin daşınması isə 25,5 faiz artmışdır. Ümumilikdə nəqliyyat xidmətlərindən 2022-ci ilin yanvar-dekabr aylarında əldə olunmuş gəlir 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,9 faiz artmışdır.
Şirvan şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm 4 (dörd) istiqamətdə şəhərdaxili və 9 (doqquz) istiqamətdə şəhərlərarası (rayonlararası) (Bakı, Lənkaran, Salyan, Neftçala, Masallı, Yardımlı, Hacıqabul, Sabirabad, Şamaxı) marşrutları üzrə sərnişindaşıma xidmətləri göstərilir. Şəhərdaxili avtobus marşrut xətlərində gündəlik olaraq 3 nömrəli avtobus marşrutunda 23 ədəd, avtobuslar arasında interval 6 dəqiqə, 7 nömrəli avtobus marşrutunda 4 ədəd, interval pik saatlarda 20 dəqiqə digər vaxtlarda 30 dəqiqə, 9 nömrəli avtobus marşrutunda 27 ədəd, interval 5 dəqiqə, 10 nömrəli avtobus marşrutunda 21 ədəd, avtobuslar arasında interval 8 dəqiqə olmaqla, ümumilikdə 75 ədəd müxtəlif markalı avtobus sərnişindaşıma fəaliyyəti göstərir.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların istifadəsindəki 18 (on səkkiz) ədəd köhnəlmiş və kiçik tutumlu mikroavtobuslar orta tutumlu sprinter və digər markalı avtobuslarla əvəz olunmuş və hazırda istifadədə olan köhnə və kiçik tutumlu mikroavtobusların orta tutumlu maşınlarla əvəz olunması istiqamətində işlər davam etdirilir.
“Şirvan Avtovağzal” ASC-dən respublikanın bir çox şəhər və rayonlarına açılmış avtobus marşrutlarında gündəlik olaraq 10 ədədi Bakı şəhərinə, 16 ədədi Sabirabad, 9 ədədi Salyan, 8 ədədi Hacıqabul , 2 ədədi Şamaxı, 1 ədədi Neftçala, 1 ədədi Masallı, 1 ədədi Lənkaran və 1 ədədi Yardımlı rayonuna, ümumilikdə 49 ədəd müxtəlif markalı avtobus hərəkət cədvəlinə uyğun olaraq işləyirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.
Həmin Əsasnamənin 2.2-ci bəndinin tələblərinə əsasən Şirvan şəhərində yeni avtovağzal (avtostansiya) təşkil etmək istəyən təsərrüfat subyektləri aidiyyəti dövlət orqanından pasport almaqla fəaliyyət göstərə bilər.
Şirvan şəhərində ictimai nəqliyyat sisteminin yaxşılaşdırılması və sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətini, təhlükəsizliyini və rahatlığının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 
 
Mətbuat xidməti
Keçidlər