Şirvan şəhər Tarix Diyarşünaslıq muzeyində 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
25 iyun 2022 | 13:39
Şirvan şəhər Tarix Diyarşünaslıq muzeyində 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Reyhanə Əlizadə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad edərək 30 illik işğala son qoyan ordumuzun qəhrəmanlığından, şücaətindən danışıb.
Tədbirdə 18 nömrəli təbiət humanitar təmayüllü məktəb–liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, gənc şair İbrahim Həssas, Şirvan FHN Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinin hərbi hissə komandirinin müavini kapitan Ziya Hacıkişiyev, qazi çavuş Elvin Abbasov və muzeyin direktor əvəzi Aynur İbrahimova vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunması, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və Vətən müharibəsindəki qazanılmış parlaq Qələbə barədə ətraflı çıxış ediblər.
Tədbirin bədii hissəsində 12 nömrəli tam orta məktəbin 8–-ci sinif şagirdi Eldar Hüseynli Altay Cəmilin “İrəli” və “Azərbaycan”,16 nömrəli məktəbin 1-ci sinif şagirdi Emil Hacizadə Nəbi Xəzrinin “İstiqlal marşı”, Şirvan şəhər Dövlət İqtisadiyyat və Humanitar kollecin 3-cü kurs tələbəsi Abbasova Aysel Səid Əliyevin “Qəhrəhamlar yurdunun igid mübarizləri” şeirlərini səsləndiriblər.
Şəhərimizin həvəskar gitara ifaçıları Mənzər Məmmədova və Ayxan Şahbazov Şəmistan Əlizamanlının “Vətən əmanəti” və Çingiz Mustafayevin “Vətənim kimiyəm” mahnılarını ifa ediblər. Mədəniyyət Mərkəzinin musiqi dərnəyinin üzvü Dadaşov Hüseyn “Qaytağı “ və 10 nömrəli məktəbin 3-cü sinif şagirdi Mirayə Ağayeva “Sarı gəlin” musiqisinin sədaları altında rəqs ediblər. 10 nömrəli məktəbin 2-ci sinif şagirdi Rüqəyya Rzazadənin ifa etdiyi “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri əsasında hazırlanmış 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş videofilm nümayiş olunub.
Mətbuat xidməti