Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri 5 nömrəli orta məktəbdə sakinlərlə növbəti səyyar görüş keçirilib.

13 aprel 2023 | 18:51

13 aprel 2023-cü il tarixdə Şirvan şəhər 5 nömrəli orta məktəbdə keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, ölkəmizin iqtisadi, siyasi, beynəlxalq aləmdəki qüdrətindən söz açıb. Dövlətimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən danışıb. İstər 1-ci, istərsə də 2-ci hakimiyyəti dövründə həyata keçirdiyi tədbirlərdən bəhs edib. Ulu öndərin işıqlı ideyalarının gerçəkləşdiyini, inkişafın bütün sahələrində onun imzasının əks olunduğunu qeyd edib. Son 30 illik dövrün zirvəsində Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birləşən Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə nəticələnən 44 günlük Zəfər yürüşünün dayandığını vurğulayıb. Xüsusilə Vətən müharibəsinin dünyanın pandemiya ilə çətin mübarizəsi dövrünə təsadüf etməsinin və Qələbə ilə nəticələnməsinin daha çox  qürur hissi yaratdığını qeyd edib. Ölkə ərazisində başdan-başa aparılan abadlıq işlərinin Şirvan şəhərində də mərhələli şəkildə davam etdirildiyini, park və xiyabanların yenidən qurulduğunu, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını, 76 beşmərtəbəli binadan 75 binanın zirzəmilərinin kanalizasiya sularından təmizləndiyini,  MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını, küçə və yolların, su-kanalizasiya və işıqlandırılma sisteminin müasir tələblər səviyyəsində yenidən qurulduğunu diqqətə çatdırıb. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, yaralıların dünyanın ən müasir tibb müəssisələrində müalicə olunduğunu, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Şirvan sakinlərini narahat edən məsələlərlə mütəmadi maraqlandığını, bir çoxunun Milli Məclisin iclaslarında qaldırıldığını və həlli ilə bağlı müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb. İş yerlərinin məhdud olmasının əhalinin işlə təminatında ciddi problemlər yaratdığını vurğulayıb. Hacıqabul gölünün ekoloji vəziyyəti ilə bağlı məsələnin Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsi tərəfindən araşdırılaraq təkliflər hazırlandığını qeyd edib. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işsizlik, qaz və işıq xəttinin çəkilməsi, səhiyyə, işıqlandırma və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

 

 

Mətbuat xidməti

Keçidlər