Şirvan şəhəri haqqında xatirələrim və düşüncələrim
Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi ərəfəsində böyüyüb boya-başa çatdığım bu doğma şəhərimiz haqqında, burada yaşayan insanlar, əmək adamları, baş verən inkişaf və bu məqsədlə görülən işlər haqqında öz xatirə və düşüncələrimi qəzetin oxucuları ilə bölüşməyi özümə borc bilirəm.
Şirvan şəhərində yaşayıb məskunlaşan ilk ailələrdən birinin nümayəndəsiyəm. Bu şəhərdə gedən inkişaf prosesi, qururculuq və abadlıq işləri, təhsil və mədəniyyət sahəsindəki yeniliklərin mən lap uşaqlıq və yeniyetməlik dövrlərindən bilavasitə şahidi olmuşam.
Mən o vaxtkı M.F.Axundov adına Pedaqoji Dillər İnstitunda təhsil almışam.Azərbaycan və ingilis dili müəllimiyəm. 50 ilə yaxın orta ixtisas təhsili sistemində çalışmışam və həmin dövrdə pedaqogika və psixologiya fənlərindən də dərs demişəm. Pedaqoji fəaliyyətimin 25 ilini isə texnikum və kollecdə tələbə gənclərin tərbiyə məsələlərinə həsr etmişəm. Direktor müavini olmuşam.
Qeyd etdiyim kimi altımışıncı illərin ilk dövrlərindən Şirvan şəhərində gedən qururculuq və abadlıq işlərinin bilavasitə şahidiyəm. Həmin dövrdə respublikamızın müxtəlif rayon, şəhər və regionlarından Şirvana ( o zamankı Əli Bayramlıya) böyük işçi axını başlamışdı. Hətta o zamankı SSRİ-nin müxtəlif şəhər, region və respublikalarından da şəhərimizə işçi axını var idi. O zamankı şəhər Partiya Komitəsinin I katibi Bilal Kərimovun şəhərin ilk illərində quruculuq, abadlıq işləri sahəsindəki fəaliyyətini xüsusi qeyd etmək istərdim. O, həm şəxsiyyəti və həm də təşkilatçılıq və rəhbərlik qabiliyyəti ilə bütün idarə rəhbərlərinin, sakinlərin çox böyük hörmətini qazanmışdı.
Şirvan şəhəri 1960-cı -1970-ci illərdə ən sürətlə inkişaf edən, bir çox sənaye və istehsal obyektlərinin tikilib fəaliyyətə başladığı bir əraziyə çevrilmişdi.
Sənayenin, ayrı-ayrı istehsal müəssisələrinin inkişafı ilə yanaşı Şirvanda təhsil, mədəniyyət, idman sahələrində də sürətli inkişaf gedirdi. Yeni məktəblər, mədəniyyət evləri, klublar, müsiqi məktəbi, kitabxanalar, idman zalları, voleybol və futbol meydançaları yaradılır və şəhər əhalisinin, gənclərin istifadəsinə verilirdi. 1960-cı illərdə, 1970-ci illərin əvvəllərində şəhərin 10-dan çox idmançısı SSRİ idman ustası adına layiq görüldü.
Həmin illərdə şəhərdə, mədəniyyət evində dram kollektivi, nəfəs alətləri orkestri, estrada orkestri, rəqs ansamblı, rəsm dərnəyi yaradıldı və bütün bu sahələrə gənc istedadlar cəlb edildilər. Şirvan şəhərində mədəniyyətin əsas sahələrinin inkişafında o zamankı Mədəniyyət evinin, sonralar isə musiqi məktəbinin direktoru olan mərhum Oqtay Həsənovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. O rəhbərlik etdiyi bütün sahələrdə yüksək fədakarlıq göstərir, əmək sərf edirdi. Oqtay müəllim xalq arasında çox sevilən, hörmət göstərilən bir insan idi.
Mədəniyyət evində yaradılmış xalq teatrında istedadlı gənclər toplaşmışdı. Kollektiv təkcə şəhərdə deyil, respublikadan kənarlarda da qastrol səfərlərində olur, məzmunlu, maraqlı tamaşalarla rəğbət qazanırdı. Nəticədə xalq teatrı ümumittifaaq festifalı laureatı adı qazandı.Xalq çalğı alətləri ansamblı və “Sineva” estrada ansambılı keçmiş SSRİ məkanında maraqlı konsert proqramı ilə çıxış etdilər. İttifaq televiziyasında onların çıxışlrına geniş yer ayrılırdı.
Həmin illərdə mətbuat sahəsində də çox böyük bir irəliləyiş var idi. Şirvan şəhərində çap olunan “İŞIQ” və “MAYAK” qəzetləri gənc yazarların, jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlərin toplandığı bir mərkəz idi. Bu qəzetlərdə çalışan, ona rəhbərlik edənlər arasında əməkdar jurnalistlər, alimlər və yazıçılar yetişdi. “İŞIQ” qəzetinin redaktoru M.Xəlilov sonralar Əməkdar jurnalist, redaksiya əməkdaşı, jurnalist Akif Abbasov isə pedaqoji elmlər doktoru, professor adlarına layiq görüldülər. Əlbəttə bunlar bir nümunədir. Belə əməkdaşlar çox idi.
Şirvan şəhərində əhalinin mədəni səviyyəsinin təşkilinin, zövqünün formalaşması üçün bir sıra mühüm obyektlər fəaliyyət göstərirdi. Şirvan şəhər Mədəniyyət evi, Nizami kinoteatrı, Mərkəzi kitabxana, Tarix və diyarşünaslıq muzeyi, “Şirvan” kinoteatrı və bir sıra digər obyektlər bu baxımdan çox əhəmiyyətli idi.
Azərbaycan Dövlət Dram Teatrı, Gəncə, Quba Dövlət Dram Teatrları tez-tez Şirvan şəhərində qastrol səfərlərində olur və öz tamaşalarını nümayiş etdirirdilər. Respublikamızın görkəmli sənətçiləri, məşhur şair və yazıçıları, gülüş ustaları, böyük alimləri şəhərimizin qonağı olurdular. Bütün bunlar Şirvan şəhər əhalisinin mədəni inkişafında, dünyagörüşündə xüsusi rol oynayırdı.
Şirvan şəhəri bu gün də öz inkişafını davam etdirməkdədir. Hazırda şəhərimizdə yeni-yeni iş yerləri açılır. Yeni sənaye obyektləri tikilir. Şəhərdə yaradılan yeni əyləncə yerləri, parlkar, idmanın inkişafında xüsusi rol oynayan “Olimpiya-idman kompleksi” və digər müəssisələr də bu baxımdan çox əhəmiyyətlidir.
Mən də bütün şirvanlıları şəhər statusu almağımızın 60 illik yubileyi münasibəti ilə təbrik edir, onlara xöşbəxt həyat, uğurlu gələcək arzulayıram.
Rasim Xəlilov,
pedaqoq, Şirvan şəhər Ağsaqqallar Şurasının
sədr müavini