Şirvan şəhəri mənim fəxrimdir
Doğulduğumuz, boya-başa çatdığımız kənd, rayon, şəhər, ölkə bizim üçün son dərəcə müqəddəs bir məkan, yer, diyar, torpaqdır. Bu hiss mənin bütün varlığıma çöküb. Əli Bayramlı rayonunda doğulmuşam. Köhnə hissəsində. Gözümü açıb onun havasını udmuş, suyunu içmiş, nemətlərini dadmışam. Onlar mənim qanıma hopub. Bu gözəl diyarı sevmiş, onun uğurları məni fərəhləndirmiş, mənə qol-qanad vermişdir. Doğma Əli Bayramlıya bağlılıq mənim özümü də uğurlar qazanmağa ruhlandırıb. Həyatım boyu onun adını şərəfləndirmək barədə düşünmüş, qazandığım ad-sanla, əsərlərimlə, davranışımla az-çox buna nail olmuşam.
Küçəmizin adı da Əli Bayramov idi. Yeddi yaşıma çatanda anam əlimdən tutub məni 1 nömrəli məktəbə aparıb. Əməkdar müəllim Nəsibə Qurbanovanın sinfində oxumağa başlamışam. 4-cü sinfə keçəndə bu məktəbin şagirdlərinin bir qismini, o cümlədən məni də şəhər 2 nömrəli məktəbinə keçiriblər. Deyiblər: bundan sonra bu məktəbdə təhsil alacaqsınız.
İllər bir-birini əvəz edib. İnsanlara xoş xatirələr yaşadaraq. Biz sinifdən-sinfə keçmişik, yaşımızın üstünə yaş gəlib.
Getdiyimiz, gəzib dolaşdığımız yer Lenin bağı (hazırkı İsmət Qayıbov parkı), kinoya baxdığımız məkan 1 nömrəli məktəbin yanında, Lenin küçəsində yerləşən Nizami kino-teatrı olub. Rayonun (sonralar şəhərin) yeganə mərkəzi bazarı evimizdən bir az aralı idi. Bizim ev bu köhnə bazarla köhnə univermağın arasında yerləşirdi. Ətraf kəndlərdən bu bazara mer-meyvə, satmağa mal-heyvan, göy-göyərti daşıyar, satıb yavanlıq edərdilər. Rayon mərkəzindəki yeganə bazar idi. Köhnə-külkəş idi. Müasir bazarlardan çox uzaq bir bazardı. Yayda gün adamın başını deşir, qışda yeri palçıq olurdu. Amma burada nə istəsən tapılardı. Qalayçı, dəmirçi, bərbər, dərzi, pinəçi, saatsaz dükanları necə gəldi düzəldilərək camaata xidmət edirdi. Qəzet köşkü də vardı. Nəriman kişi burada qəzet, jurnal, dəftərxana ləvazimatı; qəssab Mərdan ət dükanında - ət; alverçilər – bazarın piştaxtalarda düzülmüş qablarda çərəz, kişmiş, ləpələr satardılar. Balıq, kənd toyuğu, kənd yumurtası, nələr-nələr satan və alan vardı. Bazarın kənarında dayanıb satışa mal-qara, qoyun-quzu da satardılar. Hansını deyim?! Sonralar bu bazarı bağladılar. Təzə şəhərdə bazar tikdilər.
Milis şöbəsi, o zamankı Dövlət Təhlükəsizlik Komitəsinin rayon şöbəsi Lenin bağında; poliklinika və prokurorluq bir az aralıda, Nizami kino-teatrına yaxın yerdə yerləşirdi. Poliklinika ilə üzbəzü ispolkom, Xalq məhkəməsi, rayon partiya komitəsi yenə Oktyabr (hazırda Gülbala Şıxbala oğlu) küçəsində, yenə Lenin bağına lap yaxın məsafədə idi.
Hərbi komissarlıq həmin o yeganə köhnə bazarın sağ tərəfindəki bir məkanda yerləşirdi.
Əli Bayramlı 1963-cü ilədək rayon - kənd təsərrüfatı rayonu idi. Pambıqçılıq inkişaf etmişdi. 6-cı sinifdə oxuyarkən bizi də - 2 nömrəli məktəbin şagirdlərini də rayonun Qarabağlı kəndinə pambıq yığımına aparmışdılar.
Vaxtilə pambıq palanını doldurmaq üçün kənd əməkçiləri ilə yanaşı rayon mərkəzində yaşayan, işləyən, məktəblərdə təhsil alan şagirdləri də bu işə cəlb edirdilər.
Sənayenin sürətli inkişafı, yeni-yeni iş yerlərinin açılışı rayonun şəhər statusu alması ilə nəticələndi. 1963-cü il yanvarın 4-də Əli Bayramlı rayonu ləğv edildi, ərazisi Sabirabad və Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölüşdürüldü. Bu il Əli Bayramlının şəhər statusu almasının 60 illiyi qeyd olunur.
Son zamanlar şəhərin adı da dəyişdirilərək Şirvan adlandırılıb.
Müxtəlif illərdə “Muğan sədası”, “Pambıq zərbəçisi”, “Yüksəliş uğrunda” adları ilə çıxan qəzetin fəaliyyəti bir ara dayandırılmış, 1965-ci ildə “İşıq” adı ilə fəaliyyətə başlamışdı. O zamanlar Əli Bayramlıya neft şəhəri, energetika şəhəri deyərdilər, onun haqqında danışılanda, yazılanda belə çağırılardı. Ona görə qəzet “İşıq” adlandırıldı.
Mətbəə üçün yer ayırdılar. “İşıq” qəzeti ilə yanaşı “Mayak” qəzetinin nəşrinə icazə verildi. Redaksiyalar da Lenin bağının girəcəyi ilə üzbəüz idi. Qəzetlər şəhərin qaynar həyatını çox yaxşı işıqlandırırdı.
Bu mətbəədə qəzetlərin hər biri həftədə 3 dəfə dövlət hesabına nəşr edilirdi. “Mayak” qəzeti artıq fəaliyyətini dayandırıb, “İşıq” qəzeti isə fəaliyyətdədir. Lakin çox təəssüf ki, ayda yalnız 1 nömrəsi çıxır.
Ötən əsrin 60-cı illərində Əli Bayramlıda sənaye obyektləri yaradılmaqda, tikinti-abadlıq işləri genişləndirilməkdə idi. Bir yandan neft yataqlarının kəşf olunması, digər yandan elektrik istehsalı rayonun əhəmiyyətini günü-gündən artırmaqda idi. Rayonda Avropada – birinci, dünyada ikinci yeri tutan ilk açıq tipli elektrik stansiyası fəaliyyət göstərirdi. Stansiyanın I mərhələsinin inşasına 1959-cu ildə başlanmışdır. Dövlət elektrik stansiyasının istismara verilməsi respublikamızda elektrik enerjisinə olan tələbatı tam şəkildə ödəyirdi. Respublikamızın müxtəlif rayon və şəhərlərindən buraya işləməyə gəlir və burada fəaliyyət göstərməyə, yaşamağa başlayırdılar. Əhali artmaqda idi.
O zamankı mədəniyyət evi elə indiki yerindəydi.
Rayonda (sonralar bir müddət şəhərdə) cəmi 2 aptek vardı: “İşıq” qəzeti redaksiyasının böyüründə Teymur kişinin apteki; uzun müddət Salyan döngəsi adlanan ərazidə isə Orucun apteki.
Aptekçi Orucla bağlı dostum Rafiq Rəsulovun bir söyləməsi var. Onu diqqət mərkəzinə gətirmək istəyirəm. Həmin əhvalat əsasında bir hekayə də yazıb nəşr etdirmişəm. Deməli belə:
“Rafiq həkim yazan resepti götürüb Orucun aptekinə yollanır. Orucun qəribə xasiyyəti vardı. Hansı dərmanı soruşurdunsa Oruc: “Yoxdur, əvəzedicisi var”, - deyirdi. Bunu bilərəkdən edirdi, yoxsa həqiqət bu idi, ya da təmənnası vardı. Rafiq bunu bilmirdi.
Bu dəfə Rafiq Oruca dərs vermək qərarına gəldi. O, qapını açıb resepti aptekçi Oruca uzadaraq:
- Bax, gör, bu dərmanın əvəzedicisi var? – deyə soruşdu.
Oruc təəccüblə Rafiqə baxıb:
- Əvəzedicisi niyə? Özü var ki…
Bunu eşidən Rafiqi gülmək tutdu:
- Rəhmətliyin oğlu, nə vaxt dərman soruşmuşam, demisən – özü yoxdur, əvəzedicisi var. Fikirləşdim yenə həmin cavabı eşidəcəyəm. Odur ki, vaxt itirməyib elə əvəzedicisini xəbər aldım”.
Mən hələ şəhər 2 nömrəli məktəbində - IX sinifdə oxuyarkən məktəb xəbərləri ilə “İşıq” qəzetində çıxış edir, jurnalistikanın sirlərinə yiyələnməyə çalışırdım.
1967-ci ildə Nəriman Nərimanov adına şəhər 2 nömrəli məktəbini bitirdim. Qələm təcrübəm, yazı qabiliyyətim olduğundan məni, orta təhslli gənci “İşıq” qəzeti redaksiyasında işə götürdülər. Bir il burada çalışıb sonrakı il ingilis-Azərbaycan dilləri ixtisası üzrə Azərbaycan Dövlət Dillər İnstitutuna qəbul olundum.
Redaksiyada işlədiyim zaman qəzetdə çoxsaylı məqalələrim, oçerklərim, reportajlarım, çap olunurdu. Onların bəzilərini o vaxtkı “Kommunist”, “Vışka”, “Azərbaycan gəncləri” qəzetlərinə göndərirdim. Onlar da çap edirdilər. “İşıq” qəzeti redaksiyası ilə əməkdaşlığım bu günün özündə də davam edir. Bu redaksiyada rəhmətliklər Möhsüm Xəlilov, Tapdıq Xudayev, Sabir Gözəlov, Xeybər İgidəliyev, Çingiz Ələkbərzadə, Vaqif Abbasov, Səxavət Qarayevlə işləmişəm. Bundan başqa, Əməkdar jurnalist Tofiq Hüseyn də.
1973-1975-ci illərdə Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyərkən “İşıq” qəzetində daha çox yazılarım, hekayələrim, ingilis və rus dillərindən bədii tərcümələrim işıq üzü görüb.
Mən hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunda elmi katib, Bakı Qızlar Universitetində professor vəzifəsində çalışıram. Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, akademikiyəm. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Azərbaycan Yazıçılar Birliyinin təqdimatına əsasən Prezident təqaüdünə; “Tərəqqi” medalına, “Qızıl qələm” media mükafatına, “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşəm.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktoruyam.
Elmi rəhbərliyimlə 40 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Ali məktəblər, ümumtəhsil məktəbləri, kolleclər və xüsusi məktəblər üçün 20-dən artıq dərsliyin və dərs vəsaitinin; 15-dən artıq tədris proqramının; 5 romanın (“Aldanma sözlərə”, “Acı xatirələr”, “Samsundan başlanan yol” (Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə həsr olunub), “Sultan II Murad”, “Fateh Sultan Məhmət”), 2 pyesin (“Atatürk”, “Yaxşı dost”), 3 povestin (“Əliş və Anna dastanı”, “Yaxşı dost”, “Ananın ürəyinə gedən yol”) müəllifiyəm.
Bədii əsərlərimin 10 cildliyi nəşr olunub.
İngilis və rus dillərindən tərcümə etdiyim hekayələr, povestlər və pyeslər 11 kitabda işıq üzü görüb.
1987-ci ildə namizədlik (hazırda fəlsəfə doktoru), 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişəm.
Əli Bayramlı şəhər statusu alandan sonra Təzə şəhər salınmağa başlayıb. O qədər “təzə şəhər” dedilər ki, axırda adı elə “Təzə şəhər” qaldı. Məktəblərin, uşaq bağçalarının, poliklinika və xəstəxanaların, sənaye və tikinti obyektlərinin sayı günü-gündən artdı. Şirvan şəhərin ağsaqqllarından biri olan çox dəyərli Lazər Həsənovun tikinti idarəsinin və iş icraçısı olduğu illərdə Təzə şəhərdə çoxsaylı binalar inşa olundu. Təzə şəhəri salanlardan biri və birincisi məhz odur.
Şirvan (Əli Bayramlı) şəhərinin acı günləri də, xoş günləri də olub. II Dünya müharibəsində rayon sınağa çəkilib. Çətinliklər içərisində olub, cəbhədən evlərə qara kağızlar gəlib. Nikita Sergeyeviç Xruşşovun hakimiyyəti illərində çörək qıtlığı olub, talonla verilib. Leonid İliç Brejnev dövründə bir ara yağ, ət, qida məhsulları qəhətə çıxıb. Talon yenə işə düşüb. Erməni-faşist işğalçılarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmiz müharibə illərini yenidən yaşayıb. Şirvan şəhərində də evlərin qapılarını yenə qara xəbərlər döyüb. Müstəqilliyimizin ilk illərində bir ara Şirvan şəhərində işıq, qaz, su problemi yaşanıb.
O illər hamısı arxada qalıb. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 44 günlük müharibə, bir günlük antiterror əməliyyatı nəticəsində erməni ordusunu darmadağın edib, Azərbaycan bütün ərazisinə sahib oldu.
Neçə illərlədir ki, ölkəmizdə dinc quruculuq işləri gedir. Əhalinin maddi-rifah halının yaxşılaşdırılması, işğaldan azad olunmuş rayon, şəhər və kəndlərimizə insanların qayıdışı, bütün hər yerdə yolların çəkilməsi, əsaslı təmiri, sənaye və kənd təsərrüfatının, təhsilin, mədəniyyət və incəsənətin, elmin inkişafına ölkə rəhbərliyi tərəfindən qayğı və diqqətin göstərilməsi Azərbaycanımızı yüksəldir, irəlilədir.
Şəhərlərimiz, rayon və kəndlərimiz gözəl libasdadır. Adamın ürəyi açılır.
Bu baxımdan mən Şirvan şəhərində də böyük dəyişikliklər görürəm. Şəhərin siması müsbətə doğru çox dəyişib. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkı əsaslı şəkildə yenidən qurulub, göz oxşayır. Sakinlərin istirahəti və əyləncəsi üçün hər cür şərait var. I Qarabağ və II Qarabağ döyüşlərində – Vətən müharibəsində öz həyatlarını itirmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Zəfər abidəsi” milli iftixar və milli qürur hissləri doğurur.
Şəhərin abadlaşmasında, nailiyyətlərin qazanılmasında icra başçısı cənab İlqar Abbasovun əməyini qeyd etmək istərdim.
Son söz olaraq deyirəm: Mən doğma şəhərimlə - Şirvanla, bu şəhərin dəyərli sakinləri ilə fəxr edirəm!!!
Akif Nurağa oğlu Abbasov,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim