Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

26 avqust 2026 | 18:02

Avqustun 26-da Şirvan şəhər 11 nömrəli tam orta məktəbdə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Şirvan şəhəri üzrə Təhsil sektorunun müdiri Varis Qasımlı, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, şəhərdə təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov çıxış edərək ötən tədris ilinin nəticələri, təhsil sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib.

Çıxışlarda yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi, məktəbəqədər və ümumi təhsilin səmərəli təşkili, təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Konfransda, həmçinin ötən tədris ilində Şirvan şəhəri üzrə təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin əldə etdikləri nəticələr, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul göstəriciləri, müxtəlif müsabiqə və olimpiadalarda qazanılan nailiyyətlər barədə məlumat verilib.

Tədbir çərçivəsində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, yeni tədris ilində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər