Şirvan şəhəri
13 dekabr 2023 | 09:12
Oğlunun qızının qızıl əlləri ,
Gülşənə döndərdi bu boz çölləri,
Vətənin səhrada doğan ülkəri,
Sabaha müjdəsən ,Şirvan şəhəri!
Şirvan mahalının bilinmir yaşı,
Şirvan bir üzükdür,sən onun qaşı,
Qoca Şamaxının cavan qardaşı,
Dillər əzbərisən ,dillər əzbəri,
Səhrada vahəsən Şirvan şəhəri!
Şəhərlər içində var adın –sanın,
Dolaşır dünyanı şöhrətin , şanın,
Qızıl parçasısan Azərbaycanın,
Sən ana vətənin qızıl əsəri,
Qızıldan qiymətli Şirvan şəhəri!
Mışovdağ ,Kirovdağ qızıl tacındır,
Yeraltı sərvətlər bac-xəracındır,
Bəxtin təbiətlə izdivacındır,
Meyvə bağlarının barı-bəhəri.
Tükənən deyildir Şirvan şəhəri!
İnsan əzəl gündən işığa gəlib,
Nəzərlər həmişə sənə yönəlib,
Zülmət gecələrin bağrını dəlib,
Neçə şəhərləri ,neçə kəndləri,
Nura boyayırsan, Şirvan şəhəri!
Camalına mail olub ana Kür,
Şöhrətinə qabil olub ana Kür,
Boynunda həmayıl olub ana Kür,
Kürün göz oxşayan boz ləpələri,
Sənə nəğmə deyir Şirvan şəhəri!
Tanrı bir möcüzə yaradır səni,
Suyunu bol verib,günəşi qəni,
Tanrı gözdən salmaz tanrısevəni,
Səndən əskik deyil tanrı nəzəri
Tanrıya tapınmış Şirvan şəhəri!
Adın pis gözlərə batan bir oxdur,
Orda qızılında, qızın da çoxdur,
Nə olsun ki , uca dağların yoxdur ?
Sən dağ eyləmisən boz təpələri,
Dağ kimi vüqarlı Şirvan şəhəri!
Sənə əzəl gündən məhəbbətim var,
Doğmalar içində doğma bir diyar,
Səni vəsf eyləyir Qəmərli Eldar,
Gözümü dünyaya açandan bəri ,
Hüsnünə heyranam Şirvan şəhəri!