Şirvan şəhərində 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.
25.02.2024-cü il tarixində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi keçirilib.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Azərbaycan Voleybol Federasiyasının regional mərkəzinin rəhbəri Şəhriyar Piriyev, federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin müavini Aynur Fərzəliyeva və Azərbaycan Voleybol Federasiyasının regional mərkəzinin rəhbəri Şəhriyar Piriyev öncə tədbir iştirakçılarını və voleybolçuları salamlayaraq, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından, paytaxtla yanaşı, regionlarda da voleybolun inkişafı üçün görülən tədbirlərdən danışıblar. Bu idman növünün ölkədə daha da populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayaraq, mübarizə aparan komandalara uğurlar arzulayıblar.
Sonra çıxış edənlər voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışaraq, regionlarda da bu cür yarışların təşkilinin sevindirici hal olduğunu bildiriblər.
Daha sonra Azərbaycan birinciliyinin ilk qarşılaşmasına start verilib.
Qeyd edək ki, Birincilikdə ümumilikdə 10 komanda iştirak edir. Komandalar iki qrupa bölünərək bir dövrədə mübarizə aparacaqlar.
Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar.
Sonra yarımfinal və üçüncülük uğrunda qarşılaşmalar baş tutacaq.