Şirvan şəhərində “17 iyun-tibb işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib.
16 iyun 2023-ci il tarixində Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 17 iyun- tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Kamil Əhmədov və bir qrup tibb işçisi öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar. Tədbirdə tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini və tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış siması olan dahi şəxsiyyət, uzaqgörən siyasi liderin 100-cü ildönümünün bütün ölkə üzrə qeyd olunduğunu bildirib. Ulu Öndərin səhiyyə sahəsində başlatdığı islahatların bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Səhiyyə sistemində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyini bildirən Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Kamil Əhmədov, milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyini, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib. Daha sonra çıxış edən həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildirib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər. Sonda xatirə şəkli çəkilib.