Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 2022-ci ildə sosial-iqtisadi inkişafın yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr müzakirə edilib.

24 fevral 2023 | 17:51

24 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində “Şirvan şəhərinin 2022-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr haqqında” məsələlər müzakirə edilib. Öncə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri,  Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüb. Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən yığıncağda əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərimizin və son günlərdə qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini bildirib. 2022-ci il ərzində ümumi məhsul buraxılışının 822 milyon 700 min manat olduğunu, sənaye sahələrində məhsulun, görülmüş xidmətlərin 55,2 faizinin və ya 309 milyon 420 min manatının dövlət, 44,8 faizinin və ya 250 milyon 722,4 min manatının isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edildiyini qeyd edib. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 687,4 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artdığını vurğulayıb. İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən 39 səyyar qəbul-görüşdə 2697 nəfərin, fərdi qəbullarda 341 vətəndaşın iştirak etdiyini bildirib. Şəhər ərazisində 746 yeni iş yerinin açıldığını, qeydiyyatda olan işsiz vətəndaşlardan 361 nəfərin işlə təmin olunduğunu, 220 nəfərin özünüməşğulluq proqramına, 72 nəfərin peşə hazırlığı kurslarına cəlb olunduğunu qeyd edib. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının davamı olaraq, Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini, bayram günlərində onların sovqatla və maddi yardımla təmin olunmasının diqqətdə saxlanıldığını bildirib. Şəhər İcra Hakimiyyətinin başçısı “Bağ evləri” yaşayış massivində məktəbin, T.İsmayılov küçəsində, 28 May küçəsində, Kənd evləri, Bağ evləri və Çılpaqlı yaşayış sahəsində, Hacıqəhrəmanlı qəsəbəsində körpələr evi-uşaq bağçasının tikintisi, Bayramlı qəsəbəsində istirahət guşəsinin salınması, Heydər Əliyev Mərkəzinin müasir tələblər səviyyəsində yenidən tikilməsi, Bayramlı qəsəbəsində köhnə Pambıqtəmizləmə zavodunun  bərpa olunması və yaxud zavodun bazasında yeni Toxuculuq və Xalçaçılıq fabriklərinin açılması, Mərkəzi Şəhər Stadionunda yenidənqurma  işlərinin davam etdirilməsi, Şirvan şəhərindən olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlilərinin, “barak” tipli evlərdə yaşayan sakinlərin və digər aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi , ictimai nəqliyyatda olan kiçik tutumlu müasir tələblərə cavab verməyən marşurut avtobuslarının iritutumlu marşrut avtobusları ilə əvəz olunması və digər vacib məsələlərin həlli ilə bağlı təkliflər səsləndirib. Sonra 2022-ci ildə Şirvan şəhərində görülmüş işlərə həsr olunmuş videoçarx nümayiş olunub. Yığıncaqda Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Şirvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Kamil Əhmədov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan-Salyan Regional Məşğulluq Filialının direktor müavini Xəqani Məmmədov, “Telemexanika zavodu” MMC-nin direktoru Feyruz Əsədov, Şəhid atası Alim Zülfüqarov çıxış edərək 2022-ci il ərzində ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib. Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub. İclasın sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-ci ildə şəhərin ictimai həyatında və sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəhər fəalına Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanlarını təqdim edib.

 

 

Mətbuat xidməti

Keçidlər