Şirvan şəhərində 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi.
29.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, YAP şəhər təşkilatının fəalları iştirak edib. Yığıncağı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb. Yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edib. 2022-ci ilin altı ayında şəhər üzrə ümumi məhsul buraxılışının 373 milyon manat olduğunu, sənaye sahələrində istehsal olunmuş məhsulun, görülmüş xidmətlərin 51 faizi və ya 141 milyon 205,2 min manatı dövlət, 49,0 faizi və ya 135 milyon 961,3 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edildiyini qeyd edib. Şirvan şəhərində hər işçiyə hesablanmış orta aylıq əmək haqqının 673,7 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artdığını, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsu ilə “Bizim həyət” layihəsi çərçivəsində sahəsi 15 min kv.m olan ikinci həyətin müasir memarlıq üslubunda abadlaşdırıldığını, 123 küçə və prospektin işıqlandırıldığını, hər il 613 ədəd olmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağac əkildiyini vurğulayıb. Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şirvan Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət edildiyini, “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini, onların qayğıları ilə maraqlandığını, Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini, şəhərin mərkəzində quraşdırılmış müasir tipli monitorda Şirvan şəhidlərinin fotoları, avtobioqrafiyaları, döyüş yolu və xidmətləri barədə məlumatların mütəmadi təbliğ edildiyini, Şirvan Şəhidlər Xiyabanında yenidənqurma işlərinin davam etdirildiyini qeyd edib. Ötən dövr ərzində 471 yeni iş yerinin açıldığını, 42 nəfərin “Özünüməşğulluq proqramı” na cəlb edildiyini, İcra Hakimiyyəti başçısı tərəfindən 15 səyyar qəbul-görüşdə 926 nəfərin iştirak etdiyini, 97 nəfər vətəndaş tərəfindən qaldırılan 127 müxtəlif təklif və problemin həll edildiyini bildirib. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyinə, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyinə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyasına sadiq qalacağına inamını ifadə edib. Yığıncaqda Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev, Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, “Şirvan Araz zavodu” MMC-nin direktoru Rəhman Mehdiyev çıxış edərək 2022-ci ilin altı ayında ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur lahiyələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə partiyaya üzvlük vəsiqəsi təqdim edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-ci ilin altı ayının sosial-iqtisadi inkişafında, uğurların əldə edilməsində və şəhərin ictimai həyatında fəaliyyəti ilə fərqlənən bir qrup şəhər fəalına Şirvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Mətbuat xidməti