Şirvan şəhərində 2022-ci ilin doqquz ayı ərzində görülən işlər müzakirə edilib.
1 noyabr 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Şura iclasında Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Şirvan şəhərində 2022-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Öncə mənalı və şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, iki il ərzində pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizədə dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlardan, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusunun azad etməsindən və qazanılan Şanlı Zəfərdən, pandemiya və yeni müharibə ocaqlarının yaranması səbəbindən dünyada yaranan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul edilən fərman və sərəncamlardan, qısa müddətdə işğaldan azad edilən ərazilərdə başlanan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində xeyli işlər görüldüyünü, şəhərin sosial-iqtisadi inkişafı, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması işlərinin davam etdirildiyini, abadlıq-quruculuq işlərinin aparıldığını, nümunəvi məhəllələrin, yaşıllıqların salındığını, M.Füzuli adına Mədəniyyət və İstirahət parkı genişləndirilərək ən müasir tələblər səviyyəsində, əsaslı şəkildə yenidən qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsinin Şirvan Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olduğunu və icrası istiqamətində əməli işlərin görüldüyünü vurğulayıb. 2022-ci ilin 9 ayı ərzində ümumi məhsul buraxılışının 552 milyon 152 min manat olduğunu, sənaye sahələrində istehsal olunmuş məhsulun, göstərilmiş xidmətlərin 52,1 faizi və ya 207 milyon 214 min manatı dövlət, 47,9 faizi və ya 190 milyon 519,5 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edildiyini, Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 685,3 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artdığını bildirib. Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkının əsaslı şəkildə yenidən qurulması işlərinin yekunlaşdığını, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində sahəsi 15 min kv.m olan ikinci həyətin müasir memarlıq üslubunda abadlaşdırılaraq istifadəyə verildiyini, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində 1981 kv. metr ərazidə abad məhəllənin tikintisinə başlanıldığnı, 123 küçə və prospektlərinin işıqlandırıldığnı, Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus (MİDA) “MİDA” MMC tərəfindən Şirvan şəhərinin Naxçıvan küçəsində 8.1 hektar ərazidə vətəndaşların güzəştli şərtlərlə mənzillə təmin olunması üçün çoxmənzilli yaşayış binalarının tikinti layihəsinin hazırlanması işlərinə başlanıldığını, Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsində Şirvan şəhər ərazisindən keçən Kür çayı üzərində mövcud körpünün yenidən qurulması və ona paralel yeni dəmir yolu körpüsünün tikintisinin davam etdirildiyini, şəhərin müxtəlif ərazilərinə ümumilikdə 4500 m2 çəmən toxumu səpildiyini, 2300 m2 çəmən örtüyü döşəndiyini, 1000 ədəd şam ağacı, 216 ədəd sərv ağacı, 2200 ədəd qızıl gül, 338 ədəd “alyandra” gülü və 1200 ədəd “geran” gül kolu əkildiyini diqqətə çatdırıb. Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət edildiyini, “Şəhid Anası” memorial abidə kompleksi önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini, onların qayğıları ilə maraqlandığını, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, onlara həsr olunmuş xatirə lövhələri, guşələri yaradıldığını, doğum və anım günlərinin şəhər səviyyəsində keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri yüksək şücaətlərə görə ordenlə təltif olunmuş 6 Vətən müharibəsi şəhidinin adı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə əbədiləşdirildiyini və adlarının əsasən yaşadıqları küçələrə verildiyini, 5 nəfər Vətən müharibəsi şəhidinin adının Şirvan şəhərində yerləşən məktəblərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsadət qaldırıldığını qeyd edib. Şəhərin mərkəzində quraşdırılmış monitorda fotoları, avtobioqrafiyası və döyüş yolu, xidmətləri barədə məlumatların təbliğ olunduğunu, Şirvan Şəhər İcra Hakimiyyətinin elektron saytında Vətən müharibəsi şəhidləri barədə xüsusi bölmənin yaradıldığını, I Qarabağ müharibəsi şəhidlərinin ailələrinin müraciətləri əsasında Şəhidlər Xiyabanında Şəhidlərin məzarüstü abidələrinin yenidən qurulması işlərinin başa çatdırıldığını, Şəhidlər Xiyabanının girişində böyük tabloda Şirvan şəhidlərinin şəkillərindən ibarət kompazisiyanın quraşdırıldığnı, Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq işlərinin aparıldığını bildirib. 2022-ci il ərzində 621 yeni iş yeri açıldığını, 198 nəfərin “Özünüməşğulluq proqramına”, 53 nəfərin peşə hazırlığı kurslarına və 16 nəfərin işəgötürənlərlə birlikdə işçilərin əmək haqqının birgə maliyyələşməsi proqramına cəlb olunduğunu, İcra Hakimiyyətinin başçısı tərəfindən 26 səyyar qəbul-görüşdə 1771 nəfər iştirak etdiyini, 172 nəfər vətəndaş tərəfindən 214 müxtəlif təklif və problemin 24-ünün müsbət həll edildiyini, digərlərinin isə həlli istiqamətində işlərin aparıldığını, həmçinin müraciət edən aztəminatlı ailələrə maddi yardımlar edildiyini söyləyib. Şura iclasında görülən işlərlə yanaşı, bəzi idarə, müəssisə və təşkilatlarda müşahidə olunan çatışmazlıqlar və ciddi nöqsanlar da müzakirə edilib. Eyni zamanda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyinə, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyinə, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyasına sadiq qalacağına inamını ifadə edib. Sonra müzakirələrdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Şaiq Şıxəliyev çıxış edərək, 2022-ci ilin doqquz ayında ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar.
Mətbuat xidməti