Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 27 sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

27 sentyabr 2024 | 15:22

Sentyabrın 27-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə 27 sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 100-dən çox şam ağacı əkilərək suvarılıb, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın Dövlət Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Keçidlər