Şirvan şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram və sonsuz minnətdarlıq ifadəsi olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ümumşəhər anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin üzvləri ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gündür.
İlqar Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaət nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olunub. 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.
Vurğulayıb ki, şəhidlərimizin müqəddəs xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğı ardıcıl şəkildə davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və həssas münasibət, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirakı dövlətimizin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm tərkib hissəsidir.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbir çərçivəsində Şəhidlər Xiyabanında Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası da keçirilib. Aksiya zamanı müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.
Tədbirdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanlar Rəfael Həbibovun, Tahir Bağırovun və Nofəl Quliyevin büstləri ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






