Şirvan şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol idman növü üzrə seleksiya xarakterli yarış keçirilib.
27.05.2023-cü il tarixində Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə seleksiya xarakterli yarış keçirilib. Yarışın təşkilində əsas məqsəd perspektivli yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AVF-nin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi sədrinin müavini Bəhruz Quliyev, federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərinin mərkəzi meydanında ucalan Ulu öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibətilə təbrik edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıb. Sonra çıxış edən Bəhruz Quliyev yarışın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, paytaxtla yanaşı, regionlarda da voleybolun inkişafı üçün görüləcək tədbirlərdən danışıb. Bu idman növünün ölkədə daha da populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəyini vurğulayaraq finalda mübarizə aparacaq komandalara uğurlar arzulayıb. Daha sonra çıxış edənlər voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışaraq, regionlarda da bu cür yarışların təşkilinin sevindirici hal olduğunu bildiriblər. Qonaqlar yeniyetmə və gənc voleybolçulara yarışlarda uğurlar arzulayıblar. Sonra komandalararası qarşılaşmalara start verilib. Sonda qaliblərə kubok və medallar təqdim olunub.