Şirvan şəhərində Anım Günü ərəfəsində şəhid ailələri və müharibə əlilləri ziyarət olunur.
Sentyabrın 24-də Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş Şirvan şəhərindən olan şəhidlərimizin ailələrini, həmçinin müharibə əlillərini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin əziz xatirələri yad edilib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman Vətən övladlarının göstərdikləri şücaətlərlə dolu döyüş yollarından bəhs olunub. Şəhidlərimizin əbədiyaşar xatirəsinin hər zaman uca tutulacağı diqqətə çatdırılıb.
Eyni zamanda, Ordumuz tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi və ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərində qazanılan uğurlardan söhbət açılıb.
Şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






