Şirvan şəhərində Azərbaycan Polisi günü qeyd olunub.
İyulun 2-də Azərbaycan polisinin yaranmasının 104-cü ili münasibəti ilə Şirvan Şəhər Polis şöbəsində tədbir keçirilib. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan Şəhər Prokuroru Kamal Talıbov, Şirvan Regional Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsinin rəisi polis polkovnik-leytenantı Anar Cəfərov, Şirvan Regional Mühafizə Şöbəsinin rəisi polis-polkovniki Əfqan Hüseynov və polis əməkdaşları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Şirvan Şəhər Polis Şöbəsində davam edən tədbiri Polis rəisi Fizuli Əhmədov açaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun Azərbaycan Polisi günü münasibəti ilə təbriklərini tədbir iştirakçılarına, şəxsi heyətə çatdırıb. Tədbirdə Azərbaycan polisinin inkişafına əvəzsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişən polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Polis rəisi Fizuli Əhmədov Azərbaycan polisinin yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət etdiyini, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini qeyd edib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Polisi günü münasibəti ilə polis əməkdaşlarını təbrik edib. Azərbaycan polisinin yaranmasından, keçdiyi tarixi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə polis orqanlarında həyata keçirilən islahatlardan, Daxili İşlər Nazirliyinə, polis orqanlarına, onların maddi texniki bazasının möhkəmlənməsinə göstərilən dövlət qayğısından danışıb. Bu qayğının Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bugün də davam etdirildiyini qeyd edib. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının ictimai-asayişin və təhlükəsizliyin təmin edilməsində xidmətlərini vurğulayıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Polisi günü münasibəti ilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə polis şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edib.
Tədbirdə Şirvan Şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi Təhmasib Gözəlov çıxış edərək polis əməkdaşlarını peşə bayramları günü münasibəti ilə təbrik edib və onlara fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzu ediblər.
Sonda Şəhər Polis Şöbəsinin rəisi, polis-polkovniki Fizuli Əhmədov veteran polisləri də təbrik edib, onlara hədiyyələr təqdim edib. Şəhər Polis şöbəsinin əməkdaşları və veterenlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Mətbuat xidməti