Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

23 oktyabr 2026 | 17:25

Oktyabrın 23-də Şirvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi nitqdən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhərin ağsaqqalları, ziyalılar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib.

İlqar Abbasov məruzəsində Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetlərdən, ölkəmizin sosial-iqtisadi inkişafından, Şirvan şəhərində həyata keçirilən layihələrdən, eləcə də milli təhlükəsizliyin mühüm tərkib hissəsi olan ideoloji təhlükəsizlik məsələlərindən bəhs edib, səsləndirilən fikirlərin və müəyyən edilən strateji hədəflərin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün sahələrdə məqsədyönlü fəaliyyətin gücləndirilməsinin, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik ideologiyasının təbliğinin, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb. Bu baxımdan, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması ilə yanaşı, onların zərərli ideoloji təsirlərdən müdafiəsinin də vacibliyindən söz açıb.

Qeyd edib ki, sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə yayılan zərərli ideoloji təbliğatın, xüsusilə uşaqların şüuruna məqsədyönlü təsirlərin, dini radikalizm və xurafatın yayılmasının qarşısının alınması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə ailə və məktəb əməkdaşlığının gücləndirilməsi, valideynlərin maarifləndirilməsi, uşaqların hüquqlarının, dünyəvi təhsil imkanlarının və sərbəst düşüncə qabiliyyətinin qorunmasının vacibliyi vurğulayıb.

Məruzədə Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin edilməsi ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti, ordu quruculuğunun daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatının gücləndirilməsi, sahibkarlığın inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.   

İlqar Abbasov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davam etdirilməsinin, onların sosial müdafiəsinin gücləndirilməsinin, eləcə də idarəetmədə müasir yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, hər bir sahə üzrə qarşıya qoyulan vəzifələrin məsuliyyətlə və vaxtında icrasının ölkəmizin davamlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Müşavirədə çıxış edən “Şirvan” qəzetinin baş redaktoru, Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səadət Quliyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Canəli Nəbiyev, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi, əməkdar müəllim Mehran Əhməd qızı, şəhid anası Sevinc Hümbətova və Vətən müharibəsi əlili Aslan Cəfərov ölkəmizdə dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının artırılması, ailə və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların zərərli ideoloji təsirlərdən qorunması, şəhidlərin qəhrəmanlıq irsinin təbliği və vətəndaş məsuliyyətinin yüksəldilməsi məsələlərinə toxunublar. Çıxışlarda müstəqilliyin qorunmasının, milli həmrəyliyin möhkəmləndirilməsinin və dövlət maraqlarının müdafiəsinin hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyduğu vurğulanıb.

Müşavirədə cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Müşavirənin sonunda İlqar Abbasov yekun nitqlə çıxış edərək müzakirə olunan məsələlərin əhəmiyyətini bir daha vurğulayıb, bütün sahələr üzrə qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, iştirakçıları öz fəaliyyətlərində yüksək məsuliyyət nümayiş etdirməyə, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə səylərini birləşdirməyə çağırıb və ölkə başçısının müəyyən etdiyi vəzifələrin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Keçidlər