Şirvan şəhərində Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
Mayın 15-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, uzunömürlü ailələr, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılğı ilə uşaqların ailəyə həsr etdiyi əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Sonra Beynəlxalq Ailə Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva əvvəlcə “Beynəlxalq Ailə Günü” münasibətilə ailələri təbrik edib, ölkəmizdə həyata keçirilən güclü ailə siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Vurğulayıb ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Bildirib ki, Ümummilli liderimizin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Tədbirdə çıxış edənlər 15 may – Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq, cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar.
Tədbirdə uzunömürlü ailələrin nümayəndələri və qonaqlar keçdikləri maraqlı həyat yolundan danışaraq, gənclərə tövsiyələrini veriblər. Uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğunu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Musiqi nömrələri və müxtəlif kompozisiyalar təqdim olunub.
Sonda yeni ailə həyatı quran gənclərin nikah mərasimi keçirilib. Ailə həyatı quran gənclər nikah mərasiminin müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.