Şirvan şəhərində “Bizim həyət” layihəsi çərçivəsində üçüncü məhəllə abadlaşır.
16 dekabr 2022 | 18:57
Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq Şirvan şəhərində də magistral və məhəllədaxili yolların asfaltlanması, işıqlandırılması, çoxmənzilli yaşayış binalarının təmir olunması, məhəllələrin abadlaşdırılması, park və yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində sayca üçüncü məhəllənin abadlaşdırılmasına başlanılıb.
20 Yanvar küçəsi 1 və 2, habelə İstiqlaliyyət prospekti 3 və 7 nömrəli yaşayış binalarının qarşısında abadlaşdırılacaq məhəllənin ümumi sahəsi 1,2 hektardır. 550 nəfər sakinin yaşadığı məhəllədə asudə vaxtın səmərəli keçirilməsi üçün turnik kompleksi, uşaqlar üçün əyləncə qurğuları, müasir oturacaqlar, söhbətgahlar, zibil qutuları quraşdırılacaq, səkilər, avtomobillər üçün meydança yaradılacaqdır. Ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə ağac və kol bitkilərinin əkilməsi, qazon örtüyünün salınması nəzərdə tutulub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti orqanların rəhbərləri ilə birlikdə mütəmadi olaraq abadlıq işləri aparılan məhəlləyə baxış keçirir, görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verir.
Məhəllə sakinləri vətəndaşların rifahı üçün şəhər ərazisində aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirir, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Mətbuat xidməti