Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində genişmiqyaslı abadlıq və təmir işləri aparılır.

04 oktyabr 2023 | 17:51

Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 iilik yubileyi ilə əlaqədar Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 24 avqust 2023-cü il tarixli, 201 nömrəli Sərəncam imzalanmış, şəhər ərazisində genişmiqyaslı abadlıq və təmir işlərinin həyata keçirilməsi məqsədilə 60 bənddən ibarət “Tədbirlər  Planı” təsdiq edilmişdir.

“Tədbirlər Planı”na əsasən, Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Hacıqəhrəmanlı və Bayramlı qəsəbə İnzibati Ərazi Dairəsi nümayəndəlikləri, Mənzil Təsərrüfatı İdarəsi, Kommunal Kombinatı Müəssisəsi, Yaşıllaşdırma Təsərrüfatı İdarəsi, “Şirvan Şəhər İşıqları” İdarəsi, Şirvan Bələdiyyəsi tərəfindən şəhər ərazisində həyata keçiriləcək abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların, küçə və prospektlərin, məhəllə və məhəllədaxili yolların abadlaşdırılması, nümunəvi və abad məhəllələrin, avtobus dayanacaqlarının, metal məhəccərlərin, səkilərin, fəvvarə və şəlalələrin təmiri, küçələrin işıqlandırılması, yeni yaşıllıq zolaqlarının salınması və mövcud yaşıllıqların bərpası nəzərdə tutulmuşdur.

Şəhidlər xiyabanında, İstiqlaliyyət,  Məhəmməd Əmin Rəsulzadə prospektlərindəki və Energetik küçəsindəki xiyabanlarda, Heydər Əliyev və Bayraq meydanlarında, Heydər Əliyev, Nəriman Nərimanov, İsmət Qayıbov, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parklarında, Səməd Vurğun bağında genişmiqyaslı təmir işlərinin aparılmasına başlanılmışdır. Şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və rahat istirahət etmələri üçün söhbətgahların, oturacaqların, urnaların, qranit, ağlay, tamet  və bordyurların, xatirə komplekslərinin təmiri işləri həyata keçirilir.

Eyni zamanda “İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində Energetik 9, Mahmud İbrahimov küçəsi 8, 10 saylı binaların, İstiqlaliyyət 3, 7 və 20 Yanvar küçəsi 1, 2 saylı binaların, Mahmud İbrahimov 4 və  20 Yanvar küçəsi 4 a saylı binaların qarşısında salınmış nümunəvi məhəllələrdə,  Heydər Əliyev küçəsi 10, 12 , 28 May 3, 4, 5, 7, Fariz Eynullayev 9, Tofiq İsmayılov 5, 19, Məhəmməd Əmin Rəsulzadə 17, 17 A, Mahmud İbrahimov küçəsi 14, 16, Tofiq İsmayılov 2, 7, 11 A, 15 saylı binaların qarşısında salınmış abad məhəllələrdə yaşıllıqlara qulluq işləri başlanmışdır.

Abadlıq işləri çərçivəsində şəhər ərazisində mövcud olan bir sıra avtobus dayanacaqları təmir edilir, metal məhəccərlər bərpa olunur və rənglənir, səkilərə tamet döşənir. Şəlalə və fəvvarələrdə sazlama işləri aparılır, park, xiyaban, küçə  və yollarda işıqlandırma sistemlərindəki nasazlıqlar aradan qaldırılır.

Ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi məqsədilə qazonların döşənməsi, biçilməsi, ağacların budanması, gövdələrinin əhənglənməsi və mövcud yaşıllıqların səliqəyə salınması işləri həyata keçirilir. Şəhər ərazisində yaşıllıqların suvarılması məqsədilə 1 May küçəsində inşa edilmiş nasosxana kompleksi yenidən qurulur.

“Tədbirlər Planı”na əsasən Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin həyat şəraitinin yüksəlməsi naminə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir.

Keçidlər