Şirvan şəhərində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib.
07 iyun 2022 | 15:30
7 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan şəhər Qeydiyyat İdarəsinin rəisi Bəhmən Quliyev, Şəhər Mərkəzi Xəstəxanasının İcbari Tibbi Sığorta və İnnovasiya şöbəsinin müdiri Zamin Fərziyev, Şirvan Regional Vəkillər Bürosunun əməkdaşı, hüquqşunas Kənan Abdulrəhmanov, "PAŞA Sığorta"nın Şirvan nümayəndəliyinin rəhbəri Murad Rəhimzadə, Gənclər Evinin könüllüləri, tələbə gənclər, orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Öncə vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Şirvan Gənclər Evi” Sosial Xidmət Müsəssisəsinin direktoru Əfqan Həsənov konfransı giriş sözü ilə açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci 18 iyun tarixli Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) tərəfindən hər il 18 may-18 iyun tarixlərinin “İnsan hüquqları aylığı” elan edilməsi barədə məlumat verib və tədbirdə iştirak edən gənclərin və yuxarı sinif şagirdlərinin öz hüquqları barədə maariflənməsi üçün aidiyyəti qurum rəhbərli ilə belə görüşlərin təşkil olunmasının əhəmiyyətindən danışıb.
Seminarda iştirak edən Samirə İsmayılova, Bəhmən Quliyev, Zamin Fərziyev, Kənan Abdulrəhmanov, Murad Rəhimzadə çıxış edərək hər biri öz fəaliyyət sahəsi üzrə gənclərə məlumat verib, hazırda və gələcəkdə onların qarşılaşa biləcəyi müxtəlif məqamlarda bilməli olduqları ən vacib hüquqi bilgiləri diqqətə çatdırıblar. Ləyaqət, ədalət, bərabərlik və hörmət kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının qanunlarla müəyyən edildiyini və qorunduğunu bildiriblər. Cəmiyyətimizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına dövlət səviyyəsində diqqət göstərilməsindən, xüsusilə gənclərimizin hüquqi maariflənməsinin əhəmiyyətindən bəhs ediblər.
“Şirvan Gənclər Evi”nin əməkdaşı Rəşad Aslanov hazırladığı videotəqdimat vasitəsilə gənclərin təhsil alması və inkişafı barədə danışıb.
Diskusiya şəklində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gəncləri düşündürən suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Mətbuat xidməti