Şirvan Şəhərində məhsul istehsalçılarının bazara çıxışının asanlaşdırılması və təsərrüfatlarda aqrotexniki qaydalardan istifadə ilə bağlı növbəti maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.5-ci (təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydaların kənd təsərrüfatı istehsalçıları arasında təbliği və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsi), 7.1.7-ci (ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsi), 7.1.8-ci (kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxışının asanlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə 20 dekabr 2023-cü il tarixdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində maarifləndirici görüş keçirilib.
Keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, ŞİHB-nın Bayramlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vidadi Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Rəhman Nəcəfov, Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional bölməsinin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun aparıcı məsləhətçisi İlkin Səlimli iştirak edib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev çıxış edərək təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydalardan istifadəsinin həyata keçirilməsindən, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxış imkanlarının asanlaşdırılması ilə bağlı görülmüş işlərdən söz açıb.
Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən sahibkarlara dövlətin mövcud maliyyə dəstəyi resursları, eləcə də biznes üçün digər maliyyə alətləri bərədə geniş və ətraflı məlumat verilib. Təsərrüfatlarda aqrotexniki qaydalardan istifadə, kənd təsərrüfatı məhsulları üzrə bazarın inkişafı və istehsalçıların əlverişli şərtlərlə daxili və xarici bazara çıxış məsələlərinin effektiv şəkildə tənzimlənməsi ilə bağlı maarifləndirici çıxışlar olunub. Görüş zamanı mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.