Şirvan şəhərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri iştirak ediblər.
Tədbirdə öncə kitab sərgisinə baxış keçirilib. Sərgidə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə regionlarda ilk dəfə Şirvan şəhərində ucaldılan Zəfər abidəsinin kiçik həcmli nümunəsi nümayiş olunub.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı naminə xidmət göstərən Möhtərəm Prezidentimizın doğum günüdür. Bu münasibətilə möhtərəm Prezidentimizi şirvanlılar adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman yüksək əhvali-ruhiyyə arzulayırıq.
Qeyd edib ki, 24 dekabr xalqımız üçün həm də tarixi və mənəvi gündür. Məhz bu gündə anadan olmuş Möhtərəm Prezidentimizin məqsədyönlü, uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan yeni bir tarixi mərhələyə qədəm qoymuş, bu mərhələ davamlı inkişafın, yüksəlişin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasının rəmzinə çevrilmişdir.
Diqqətə çatdırıb ki, Ümumilli Lider, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi irsi Prezidentimiz cənab İlham Əliyevin lider kimi yetişməsində möhkəm təməl olmuşdur. Bu davamlılıq Azərbaycanın uğurlu gələcəyini təmin edən əsas amillərdəndir. Bildirib ki, Möhtərəm Prezidentimizin uğurlarının əsasında yalnız siyasi strategiya deyil, həm də onun şəxsi liderlik keyfiyyətləri dayanır. Qətiyyətli və prinsipial qərarverməsi, hər zaman milli maraqları ön planda tutması, həmçinin vətəndaşa yaxın, sadə və səmimi üslubu cənab Prezidentimizi həm xalqın, həm də beynəlxalq tərəfdaşların hörmət etdiyi liderə çevirib.
İlqar Abbasov həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın dövlət başçısı ilə çiyin-çiyinə ölkəmizdə multikultural ənənələrə və milli-mənəvi dəyərlərə malik, tolerant cəmiyyətin formalaşması, Azərbaycan həqiqətlərinin beynəlxalq forumlar vasitəsilə dünyaya çatdırılmasındakı xidmətlərindən söz açıb.
İlqar Abbasov vurğulayıb ki, qazanılan bütün nailiyyətlər bir daha sübut edir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü dövlət, qalib xalq və etibarlı beynəlxalq tərəfdaş kimi tarixinin yeni və parlaq mərhələsini yaşayır. Bir daha Möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayır, müasir və qüdrətli Azərbaycanın gələcəyinə inamımızı ifadə edirik.
Sonra Bakı Media Mərkəzi tərəfindən ərsəyə gələn, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasəti, qoyulan hədəflərə nail olmasını və son nəticədə torpaqlarımızın işğaldan azad olunmasını əks etdirən “İlham” sənədli filmi nümayiş olunub.
Sonda şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva doğum günü münasibətilə şəhər sakinləri və ictimaiyyət nümayəndələri adından Möhtərəm Prezidentimizə ünvanlanan təbrik məktubunu diqqətə çatdırıb.






