Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Mülki müdafiə sahəsində 2023-cü ildə görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

17 noyabr 2023 | 17:59

17 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında şəhər İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, şəhər tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə “Mülki müdafiə sahəsində 2023-cü ildə görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Orxan İbrahimov tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra Muğan Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Rafiq Zeynalov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Anar Sadıqov çıxış edərək şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli həmçinin idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumatlar veriblər. Fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili, mülki müdafiə tədbirlərininin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkiblər. Bildirilib ki, insanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından asılıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.

Müşavirənin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər